Nazir müavininin cavabı deputatı güldürdü: “Necə baməzə…”

“Dərman qiymətlərinin fırıldağı ilə bağlı məsələni bir neçə dəfə Milli Məclisdə gündəmə gətirmişəm. Hətta şüar da təklif etmişəm: Biz qardaş Türkiyə ilə “Bir millət, bir dərman, iki dövlət” olmalıyıq. İndi bu mövzuda səhiyyə nazirinin müavininin açıqlamasını həm də şəxsimə cavab olaraq görürəm. Doğrudanmı belə cavab verib? Doğrusu, inanmağım gəlmədi. Ancaq inanın ki, çox sevdiyim Molla Nəsrəddinin lətifələrinə bu qədər gülməmişdim. Görün necə baməzə, 10 milyon vətəndaşımızla məzələnən bir cavab verilib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

O, səhiyyə nazirinin müavininin cavabını oxucuları ilə bölüşüb:

“Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!”.

Deputat təyyarə biletlərinin qiyməti ilə bağlı da yazıb:

“Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz ola! Onlarda da neft yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az