Daha 10 ölkə sıralarımıza qoşulacaq – Nazir

“Əmək Mərkəzinin fəaliyyət istiqamətləri geniş spektri əhatə edəcək. Məşğulluq məsələləri, əmək münasibətlərinin tənzimlənməsi, rəqəmsallaşma və digər innovativ həllərin üzv dövlətlər arasında bölüşülməsi, əməyin təhlükəsizliyi kimi standartların hazırlanması, müvafiq treninqlərin, fərqli istiqamətlərdə inkişafın təmin olunması Mərkəzin istiqamətlərini təşkil edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında çıxışı zamanı deyib.

“Biz düşünürük ki, qısa müddət ərzində mərkəzə üzv dövlətlərin sayı artacaq. Bu konfrans çərçivəsində daha 10 ölkə qoşulacağını bildirib. Dövlətdaxili prosedurları sürətli şəkildə yekunlaşdıraraq bu mərkəzə üzv olacaqlar.

Əlavə olaraq qeyd edim ki, konfrans çərçivəsində Azərbaycanın uğurlu mexanizmləri üzv ölkələrə təqdim olundu. Birinci vitse-prezidentin təşəbbüsü ilə yaradılan DOST mərkəzinin konsepsiyası ilə bağlı təqdimatlar edildi. Artıq qonaqlarımızın bir qismi bu mərkəzlərdə olublar. Həmçinin ölkəmizdə sosial məşğulluq və əmək sahələrindəki rəqəmsəllaşma həlləri də qonaqlara təqdim edildi.

İkitərəfli əlaqələr qismində 10 ölkə ilə görüşümüz keçirilib. Eyni zamanda Qətər və Tacikistanla ikitərəfli əlaqələrin genişləndirilməsinə dair əməkdaşlıq sənədləri imzalandı. Habelə İslam Əməkdaşlıq Təşkilatının statisktika, iqtisadi və sosial əlaqələr üzrə qurumu ilə əməkdaşlıq layihələrinin keçirilməsi razılaşdırıldı. Bununla da Azərbaycanın əldə etdiyi uğurlu islahat nəticələri digər ölkələrlə paylaşılacaq.

Ümumilikdə iştirak edən nümayəndə heyətlərindən bu istiqamətdə ciddi maraq görürük. Düşünürük ki, həm ikitərəfli əlaqələr, həm də yeni yaranan İƏT Əmək Mərkəzi çərçivəsində ən yaxşı təcrübələrimizi dost və əməkdaş islam ölkələri ilə bölüşəcəyik. Azərbaycanın yeniliklərinin bu ölkələrdə tətbiqi üçün dəstək göstərəcəyik”, – nazir bildirib.

Zaira Akifqızı
Globalinfo.az