Dağıntı altındakı 4 tələbəmizdən biri haqda yayılmış üzücü xəbər təsdiqlənmədi

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı dağıntılar altında qalan 4 tələbədən biri olan Şahin Vəliyevin həlak olması xəbəri yayılsa da, hələ ki bu iddia təsdiqini tapmayıb.

Bunu həmin tələbələrin dostu Qurbanov Sahil Globalinfo.az-a deyib.

O bildirib ki, Ş.Vəliyevin müəllimi Hülya Berktaş Bingölün sosial şəbəkədə yaydığı məlumat təsdiqlənməyib:

“Bizim tanışlarımız həm xəstəxanada, həm də binanın yaxınlığındadır. Hələ ki, bizimkilər tapılmayıb”.

Zəruri olaraq qeyd edək ki, mediada yayılan xəbərlərdə Şahinin soyadı “Verdiyev” kimi qeyd edilib. H.B.Bingöl isə onu “Vəliyev” kimi təqdim edib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında onun cansız bədənin tapılması haqda məlumat yayılmışdı.

***

Son məlumata görə, tələbələrin yaşadığı binanın dağıntıları altından xeyli yaralı çıxarılıb. Şəxsiyyətləri araşdırılır.

Zaira Akifqızı
Globalinfo.az