“Azərbaycanda bir ildə 1 milyon 200 min, hər ay isə təqribən 100 min məhkəmə qərarı icraata yönəldilir. Nəzərə alsaq ki, 10 milyonluq ölkəyik və onun 2 milyonu kənardadır, 18 yaşınadək insanların çoxu, xüsusilə də mülki iş üzrə hüquqi münasibətlərin subyekti deyil, üstəgəl, yaşlıları da çıxanda, görün, nə qədər adam qalır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Globalinfo.az-a açıqlamasında deyib.
“Mən bunu parlamentdə Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə dedim. Nəzərə alın ki, latent cinayətkarlıq, yəni real həyatda olub müvafiq dövlət orqanlarında qeydiyyata düşməmiş cinayətlər var. Sonra nə qədər barışmalar olur, istintaq orqanının nə qədər məsələləri gedib məhkəməyə çıxmır. Belə çıxır ki, hər iki-üç nəfərdən biri bu və ya digər hüquqi çəkişmənin subyekti olur. Təsəvvür edirsiz, bu nə deməkdir?! Bu ölkədə qanunçuluğun vəziyyəti deməkdir. Və mən orda sual verdim ki, niyə ölkədə bu qədər insan qanunları pozur? İnsanların çoxu qanunu pozanda fikirləşir ki, hansı formadasa məsuliyyətdən yayınıb, məhkəmədə rüşvət verib öz xeyrinə qətnamə çıxarmaqla, kiminsə haqqını tapdayıb məsuliyyətdən yayına biləcək”.
Millət vəkili qeyd edib ki, ölkədə qanunçuluğun vəziyyəti ilə bağlı elmi konfrans keçirilməli, mətbuatda siyasi polemikalar açılmalıdır:
“İnsanlar arasında nə üçün cinayət törətmədikləri ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 22 faizi cavabında “cinayət törətsəm, məni həbs edərlər” deyib. Amma demir ki, cinayət həm də ümumi əxlaqla pislənən bir hərəkətdir.
Cəmiyyətdə cinayətlərin sayı kəskin artanda dərhal həmin ictimai münasibətləri pozmağa görə cəza sərtləşdirilir. Normal dövlətlər cinayətlərin birdən-birə artmasının səbəbini araşdırır. Çünki cəzanın sərtləşdirilməsi qısa müddətli effekt verir. Allah Təala insanı elə kodlaşdırıb ki, ən ağır cəzalara belə bir müddət sonra uyğunlaşır.
Bizdə də ciddi araşdırılma aparılmalıdır ki, niyə bu cinayətlər baş verir? Bunun ən böyük səbəblərindən biri əhalinin sosial vəziyyətinin ağır olması ilə bağlıdır. Sosial vəziyyət mütləq cinayətkarlığa təsir edir. Ona görə ciddi müzakirələrə ehtiyac var”.
Gülnar Səlimova