Çin İranla Azərbaycanı bu səbəb görə barışdıra bilməz – Politoloq

“İranla Azərbaycan arasındakı diplomatik əlaqələr artıq qırılma nöqtəsindədir. İki gün öncə xarici işlər nazirləri arasında İran tərəfinin təşəbbüsü ilə aparılan telefon danışığı rəsmi Tehranın ölkəmizin adekvat reaksiyasından təlaşlandığını göstərdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva İran-Azərbaycan gərginliyi və ehtimal nəticələri haqda danışarkən deyib. Onun sözlərinə görə, İranın məqsədi münasibətlərinin müharibə həddinə gəlməsi deyil:

“Məqsəd Azərbaycanın guya gözünü qorxutmaq, bütün addımlarda Tehranın maraqlarını diqqətə alması gərəkdiyini təlqin etməkdir. Görünür, Vətən müharibəsində ölkəmizin ortaya qoyduğu güc məntiqdən sinifdə qalan Tehran üçün dərs olmayıb.

İran hələ də ölkəmizin 90-cı illərdəki hərbi, siyasi gücdə qaldığını fərz edir. Bakının atdığı adekvat addımlar, İranın casus şəbəkələrinin aradan qaldırılması istiqamətində ciddi fəaliyyət, artıq İranı analitikasını gücləndirmək ehtiyacı olduğuna inandırdı.

Züriyə Qarayeva

Telefon danışığından öncə Ərdoğanla Rəisi arasında görüşmə də Tehrana əsl qırmızı xəttin hardan keçdiyini göstərmiş oldu. Lakin İran kimi sağ göstərib sola vurmağa öyrəncəli olan dövlətin sabahkı mövqeyinin nə olacağını ehtimal etmək çətindir”.

Münasibətlərin normallaşmasında Çinin hansı rol oynaya biləcəyi sualına cavabında politoloq deyib ki, bu məsələdə Çin faktorunun olmasını çox da ciddi hesab etmir:

Çünki İranın apardığı uğursuz xarici siyasət elə Çinlə də münasibətlərin zəifləməsinə təkan verib. Tehran regionda əzəli rəqibi kimi gördüyü Səudiyyə ilə Pekinin yaxınlaşmasını özü üçün təhlükə kimi nəzərdən keçirir. Molla rejimi Azərbaycan kimi elə Çini də özünə düşmən hesab edir”.

Turan Rzayev
Globalinfo.az