Türkiyəli generaldan İstanbul terroru ilə bağlı sensasion açıqlamalar, ilginc bilgilər – Özəl

Türkiyənin İstanbul şəhərində ötən gün baş verən terror hadisəsi ölkə və dünya gündəmini zəbt edib.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, İstiqlal caddəsindəki partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib:

“Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”, – yaralıların durumu ilə bağlı məlumat verən nazir qeyd edib.

Xatırladaq ki, noyabrın 13-də baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Globalinfo.az-ın əməkdaşı mövzu ilə bağlı Türkiyənin ehtiyatda olan generalı Yücel Karauz ilə danışıb. Karauz ilk olaraq Taksim meydanının İstiqlal caddəsində həlak olan şəxslərə Allahdan rəhmət, yaralılara şəfalar diləyib:

“Türkiyə son 40 ildə terrorizmlə mübarizə aparır. Bütün terror təşkilatlarının birləşdiyi ortaq bir şəbəkə var. Terror qruplaşmaları Qərbin və Şərqin imperialist hakim gücləri tərəfindən idarə olunur, bir-birlərinə qarşı, həmçinin dövlətlərə qarşı istifadə edilir. Terror təşkilatı qurulduqdan sonra onlara təlim keçilir, sonra təchiz olunur və dərin dondurucuya qoyulur”.

Ekspertin sözlərinə görə, terror aktları iqtisadi, mədəni və psixoloji olaraq təsir etmək məqsədilə daşıyır:

İstanbul'da İstiklal Caddesi'nde patlama: 6 kişi hayatını kaybetti - Millet Gazetesi

“Partlayışın bazar günündə, insan sayının çox olduğu axşam saatlarında və turistlərin çoxluq təşkil etdiyi İstanbulda törədilməsində məqsəd xalqda psixoloji təzyiq, məyusluq yaratmaq, turizm fəaliyyətlərini zəiflətmək, turistləri narahat etmək olub. İndiyədək aparılan araşdırmalarda partlayışın PKK/PYD qruplaşmasına mənsub bir qadın terrorçu tərəfindən törədildiyi bildirilir Dünən prezident Rəcəb Tayyib Ərdoğan FETÖ terror qruplaşması və digər terrorçu qrupların ABŞ və Avropa tərəfindən himayə edilməsilə bağlı çıxış etmişdi”.

“Bəs bu niyə indi baş verdi” sualına cavab verən ekspert deyib ki, hazırda Türkiyə üçün kritik bir zamandır:

“Türkiyənin diplomatiyada son iki-üç ayda atdığı addımlar və əldə etdiyi uğurlar var. Nəticə etibarilə Ukrayna-Rusiya müharibəsi, taxıl dəhlizi və atəşkəs və sülh aparan danışıqlardakı rolu, Türk Dövlətləri Təşkilatında Şimali Kiprin müşahidəçi statusu alması, Qarabağ zəfərində Türkiyənin verdiyi dəstək, Türkiyənin Liviyadakı müharibənin gedişatını dəyişməkdə təsiri, Suriya və İraqdakı təsirli siyasətinə qarşılığında böyük imperialist güclərin mesajıdır. Təbii ki seçkilərin yaxınlaşdığı bir dövrdə baş verməsi də xüsusi əhəmiyyət daşıyır.

Ən son aprel ayında İraqda başladılan ‘Pəncə-Kilid’ əməliyyatı zamanı 500-ə yaxın terrorçu zərərsizləşdirildi, 1000-ə yaxın terrorçu sığınacağı məhv edilmişdi”.

Ehtiyatda olan general qeyd edib ki, Türkiyə üzərində oyun qurulan bir ölkədən, oyun quran regional gücə çevrilib:

“Dolayısı ilə bu prosesi yavaşlatmağa, dayandırmağa və ya idarə etməyə çalışırlar. Türkiyə buna qarşı müqavimət göstərir. Bu terror hadisəsi dolayısı ilə Türkiyənin dirənişinə qarşı verilən bir mesajdır. Bu gün prezident Rəcəb Tayyib Ərdoğan G20 sammitinə qatılmaq üçün İndoneziyanın Bali adasına gedib. Bu hadisə də sammit ərəfəsində Türkiyəni təhdid altında, terrordan zəifləmiş ölkə kimi göstərmək üçün edilib. Bu terrorun məşqləri çoxdan başlamışdı. Bir həftə,10 gündür ki, Avropada PKK/ PYD terror qruplarının qolları davamlı olaraq aksiyalar keçirirlər. Ən son İsveçrədə Ümumdünya Səhiyyə Təşkilatının binasına girərək təbliğat kampaniyası və aksiya keçirdilər. Bütün bu hadisələri birlikdə dəyərləndirmək lazımdır”.

Y.Karauz əlavə edib ki, Türkiyə terrorla mübarizəsini amansız və qərarlı bir şəkildə davam etdirəcək:

“Türkiyə onu diz çökdürməyə çalışanların qarşısında sarsılmayacaq. Terrora boyun əyməyəcək, ölkənin psixoloji balansını terroristlərə təslim etməyəcək. Əksinə, bu qanlı, insanlıq əleyhinə yönəlmiş aksiyalara, əməllərə qarşı mübarizə aparacaq. Türkiyə ilə bu cür oyunları oynayanlar bunu bilməlidir”.

Gülnar Səlimova,

Globalinfo.az