Bu tarixdə Bakıda gərginlik gözlənilir: mitinq şousu nəyə hesablanıb?

Milli Şura (MŞ) və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 21 aprel tarixinə mitinq təyin edib.

Dünyada baş verən gərginliklər fonunda, Azərbaycanın hazırkı həssas dönəmində mitinqlərə ehtiyacın olmadığı haqda fikrilər səsləndirilir.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Globalinfo.az-a açıqlamasında deyib ki, etiraz aksiyasının keçirilməsi mümkündür:

Elşad Musayev

“Azərbaycanda 30 ildir ki, bu məsələ gündəmə gətirilir. Lakin artıq siyasi təşkilatlarla hakimiyyət arasında normal münasibətlər yaranmalıdır. Əgər hər hansı problem varsa, bunu hakimiyyətlə danışıb, həll etmək lazımdır”.

E.Musayevin sözlərinə görə, dünyada mövcud olan gərginlik fonunda ölkə daxilində vəziyyəti çətinləşdirmək xarici qüvvələrə və müəyyən şəxslərə sərf edir:

“Hazırda hansısa etiraz aksiyasını keçirməyin mənası yoxdur. İnsanların sərbəst toplaşmaq azadlığı var. Lakin indiki dövrdə öz fikrini çatdırmağın müxtəlif yolları mövcuddur. İnternet televiziyaları, mətbuat və s. buna daxildir”.

AĞ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, mitinq, etiraz aksiyası keçirmək hər bir vətəndaşın, siyasi strukturun haqqıdır:

Tural Abbaslı

“Kütləvi aksiyaların keçirildiyi vaxt çox önəmlidir. Ölkə daxilində və xaricində mövcud vəziyyət, basqılar nəzərə alınaraq qərar verilməlidir. Hazırda Qazaxın işğal altında olan kəndlərindən 4-ü ilə bağlı Ermənistanla gərgin müzakirələrin getdiyi, Fransa və ABŞ kimi ölkələrin Azərbaycana təzyiq etdiyi anda ölkə daxilində sabitliyin olması vacibdir”.

Safura Bənnayeva
Globalinfo.az