Azərbaycanda ətin qiymətinin artması ilə yanaşı, bəzi rayonlarda məhsulun tapılmaması da diqqət çəkir. Jurnalist Laman Ələşrəfqızı Oğuzda bir saatdan çox ət axtardıqlarını, lakin tapa bilmədiklərini bildirib. Bəs rayonda ət qıtlığı nədən yaranır? Bu, qiymətlərin yenidən artacağından xəbər verə bilərmi?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Həzi Eynalov deyib ki, ətin qiymətinin artması ilə yanaşı, bəzi rayonlarda məhsulun fiziki əlçatanlığının azalması təklif zəncirində müəyyən gərginliyin yarandığını göstərir:
“Qiymət artımı hər zaman istehsalçı sahibkarların gözləntilərini dəyişir. Onlar əllərindəki məhsulları qiymət artımı gözləntisi ilə bazara çıxarmırlar. İkinci məsələ yem xərcləri ilə bağlıdır. Yem bazası, suvarma, torpaq və maliyyələşmə problemləri heyvandarlığın əsas məhdudiyyətləri kimi qəbul olunur”.
Ekspert vurğulayıb ki, Bakı kimi şəhərlərdə ətin qiymətinin yüksək olması rayonlarda da qıtlığa səbəb ola bilər:
“Vasitəçilərin çoxluğu da qiymət artımına səbəb olur. Əgər yem xərcləri yüksək qalarsa, kəsimlik heyvanların təklifi azalarsa və diri heyvan idxalı kifayət qədər artmazsa, yaxın aylarda ətin qiymətində əlavə artım ehtimalı yüksəkdir”.
Zaira Akifqızı
Globalinfo.az