baki ela 11 900x506 1

Konqo Demokratik Respublikasında Ebola virusunun yenidən yayılması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin əhatə dairəsinin genişləndirilməsi virusun nəzarətdən çıxma riskini yenidən gündəmə gətirib.

Bəs hazırkı vəziyyət fonunda Azərbaycan Ebola kimi yüksək təhlükəli infeksiyaların qarşısının alınmasına nə dərəcədə hazırdır?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, Ebola virusu hemorragik qızdırma yaradan viruslar qrupuna aiddir:

“Hemorragik qızdırmalara həmçinin denge qızdırması, sarı qızdırma və digər xəstəliklər də daxildir. Afrikada bu cür qızdırmalara tez-tez rast gəlinir və zaman-zaman epidemiya şəklində yayılır. Ebola virusunun təbiətdəki təbii rezervuarları əsasən meyvə ilə qidalanan yarasalar və insan olmayan primatlardır. Virus bu rezervuarlardan insana onların ifrazatları və bioloji mayeləri vasitəsilə keçə bilər. Məsələn, meyvə ilə qidalanan yarasaların sidik qalıqları və ya ağız suyu ilə çirklənmiş meyvələr vasitəsilə insana yoluxma baş verə bilər. Bu, adətən, gigiyenik tələblərə əməl edilmədikdə baş verir”.

A Qeybullanın sözlərinə görə, insan yoluxduqdan sonra virus bir şəxsdən digərinə bioloji mayelər və birbaşa təmas vasitəsilə keçə bilər:

“Hələlik virusun hava-damcı yolu ilə yoluxma təhlükəsi olmadığına görə onun pandemiya yaratmaq potensialı yoxdur. Epidemiya ocağı nə qədər böyük olsa da, hazırda Dünya Səhiyyə Təşkilatının onu lokallaşdırmaq imkanları mövcuddur. Amma bir məsələni nəzərə almaq lazımdır ki, insanların sayı artdıqca və onların təbiətlə təması, eləcə də təbiətə müdaxiləsi genişləndikcə bu cür virusların yeni yoluxma və xəstəlik hallarına səbəb olması təhlükəsi də qalır. Məsələ bundan ibarətdir”.

adil qeybulla esas

Adil Qeybulla

Professor bildirib ki, Ebola virusu ağır gedişə malik xəstəlik yaradır:

Xəstəlik əsasən hemorragik qızdırma, qan laxtalanma sisteminin pozulması, güclü və hətta ölümcül qanaxmalarla müşayiət olunur. Xəstəlik ilkin mərhələdə quru əlamətlərlə – boğaz ağrısı, baş ağrısı, ümumi halsızlıq və zəifliklə başlayır. Daha sonra isə diareya və qusma kimi yaş əlamətlər qoşulur. Sonrakı mərhələlərdə qanaxmalar və ölüm halları baş verə bilər”.

Adil Qeybulla deyib ki, Ebola zamanı ölüm göstəricisi kifayət qədər yüksəkdir və hətta 50 faizdən yuxarı ola bilər:

“Ona görə də xəstəliyin vaxtında lokallaşdırılması və yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. Xəstəlik ayrı-ayrı ölkələrdə də qeydə alına bilər. Çünki insanlar bir yerdən başqa yerə səfər və ya miqrasiya edir və yoluxduqları virusu başqa ərazilərə daşıya bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: