Bu, müharibə anonsudur! – “Ordumuz əməliyyatlara başlaya bilər”

Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası prosesində ən mühüm məsələlərdən biri Qazaxın 7, Naxçıvanın Kərki kəndinin geri qaytarılmasıdır. Həmin ərazilərin strateji-coğrafi cəhətdən böyük əhəmiyyəti var.

Maraqlıdır, Ermənistan bu məsələdə konstruktiv mövqe ortaya qoymasa, Azərbaycan hansı addımı atacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Arzuman Abdulkərimov deyib ki, 10 noyabr sazişində Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi ilə bağlı məsələlər öz əksini tapmışdı:

Arzuman Abdulkərimov

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin mövzuya münasibət bildirmişdi. Lakin sonradan bu bəndin bəyanatdan çıxarıldığı haqqında məlumat verildi.

Ermənistanla sülh müqaviləsinin tezliklə imzalanmasına çalışırıq. Rəsmi İrəvan sülh sazişini imzalamaqda maraqlı olduğunu göstərsə də, hər dəfə müxtəlif bəhanələrlə prosesi ləngidir.

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşü zamanı da qeyd etdi ki, bəzi Qərb dövlətləri, xüsusilə Fransa Ermənistanı silahlandırmağa çalışır. Bunu əslində müharibə anonsu kimi də qiymətləndirə bilərik.

Qazaxın 7 və Naxçıvanın Kərki kəndi məsələsinin sülh müqaviləsinə daxil edilməsi də gözləniləndir. Lakin Ermənistan sülh müqaviləsini provakasiya etməyə çalışır.

Vəziyyət uzun müddət belə davam etməyəcək. Ölkə başçımızın dediyi kimi, bir qarış torpağımızı da Ermənistana güzəştə getməyəcəyik. Rəsmi İrəvan bu tərz yanaşmanı davam etdirərsə, Azərbaycanın antiterror əməliyyatına başlaması qaçılmaz olacaq”.

Safura Bənnayeva
Globalinfo.az