mugenni

Son vaxtlar bir neçə müğənniyə efir qadağası qoyulması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, buna səbəb onların televiziya verilişlərində qalmaqal yaratması və qeyri-etik davranışlar sərgiləməsidir. Lakin məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Efir qadağası tətbiq olunarsa, bu, müğənnilərin toy biznesinə mənfi təsir göstərə bilərmi?

Globalinfo.az-a danışan tanınmış prodüser Anar Mədətov bildirib ki, bu, efir qadağasının hansı müğənniyə tətbiq edilməsindən asılıdır.

O, əvvəlki dövrlərlə indiki media mühitini müqayisə edib:

“İllər əvvəl elə sənətçilər var idi ki, efirə çıxmırdılar, amma kasetlər vasitəsilə məşhurlaşırdılar. 90-cı illərin sonlarından etibarən özəl radio və televiziyaların yaranması ilə efir imkanları genişləndi və yeni ifaçılar ortaya çıxdı. Bu gün həmin sənətçilərin bir çoxu Əməkdar və Xalq artistidir. O dövrdə efirə çıxmaq müəyyən səviyyə tələb edirdi”.

Prodüserin sözlərinə görə, efir müğənni üçün güclü təbliğat vasitəsidir:

“Efir olmayan yerdə ifaçı zamanla unudulur. Televiziya və radio sənətçinin tanınması üçün əsas platformalardır. Xüsusilə son dövrlərdə gündəmdə olan ifaçılar efirdən uzaq düşsələr, bu, onların toylarına ciddi təsir göstərəcək – həm Bakıda, həm də regionlarda”.

A.Mədətov hesab edir ki, bəzi ifaçılar üçün efir qadağası qiymətlərinə və sifariş sayına təsir edə bilər:

“Bəzi müğənnilər onsuz da öz auditoriyaları çərçivəsində fəaliyyət göstərirlər. Onlara efir əsasən tanınmaq və qiymətlərini artırmaq üçün lazımdır. Amma geniş kütləyə hesablanan sənətçilər üçün efir çox vacibdir. Qadağa tətbiq olunarsa, telekanalların qapıları bağlanır, ifaçı tədricən gündəmdən uzaqlaşır. Bu isə həm toy, həm korporativ tədbirlər, həm də ümumi fəaliyyətinə təsirsiz ötüşmür”.

Prodüser xüsusilə bayram ərəfəsində efirin əhəmiyyətinin artdığını vurğulayıb:

“Novruz bayramı ərəfəsində məşhur ifaçılar efirə daha çox dəvət olunur. Bayram günlərində tamaşaçılar televiziya proqramlarına baxır, ifaçıları izləyir və seçim edir. Sonra isə həmin sənətçilər toy və konsertlərə dəvət olunur. İnsanlar müğənnini əsasən televiziya və radio vasitəsilə tanıyır. Beləliklə, efir qadağasının təsiri ifaçının mövqeyindən, auditoriyasından və fəaliyyət miqyasından asılı olaraq dəyişə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: