anyuz 1

Bu gün “AnewZ” beynəlxalq televiziya kanalının fəaliyyətə başlamasından bir il ötür.

“AnewZ” TV bir il ərzində hansı uğurlara imza atıb və gələcək planları nələrdir?

Globalinfo.az-a danışan “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev bildirib ki, layihə başladığı gündən əsas məqsədlərindən və missiyalarından biri regionun səsini dünyaya çatdırmaq olub:

“Regionun ingilisdilli kanalı kimi və onun səsinin dünyaya yayılmasını təmin etmək əsas məqsədlərimizdən idi. Bir neçə indikator və göstərici var ki, onlara əsasən bu missiyanın reallaşdığını demək mümkündür.

“AnewZ”un işıqlandırdığı xəbərlərin dünyanın məşhur media qurumları tərəfindən istinadla paylaşılması bunun göstəricisidir. Bu media qurumları sırasında Euronews, BBC, Daily Mail, Reuters, Anadolu Agentliyi və digərləri var. Bu istinadlar artıq beynəlxalq tanınmanın göstəricisidir.

Digər tərəfdən, yayımladığımız xəbərlərin və toxunduğumuz mövzuların auditoriya üçün nə qədər önəmli olması da bizim prioritetlərimizdəndir. Vaşinqton görüşü ərəfəsində və Şuşa Qlobal Media Forumundan sonra ABŞ Prezidenti Donald Tramp öz sosial media hesablarından birində “AnewZ”un yayımladığı Prezident İlham Əliyevin çıxışından fraqment paylaşmışdı. Bu, bizim üçün fərqləndirici məqam idi.

rufet 1

Rüfət Həmzəyev

Tərəfdaşlıq məsələlərinə də xüsusi diqqət yetiririk. Bu bir il ərzində dünyanın aparıcı media platformaları ilə əməkdaşlıq və strateji tərəfdaşlıq qurmuşuq. Onların sırasında Euronews, İtaliyanın Italiapress agentliyi, eləcə də European News Exchange (ENEX) platforması var. ENEX dünyanın 50-dən çox ölkəsini birləşdirir və biz də onun üzvü olmuşuq.

Çində keçirilən media forumda iştirak etmişik, ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalamışıq. Qazaxıstanın aparıcı media qurumları ilə də bənzər razılaşmalar əldə olunub”.

Rüfət Həmzəyev gələcək planlardan danışarkən deyib ki, rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi ilə xəbər istehsalı və istehlakı proseslərində ciddi inkişaf nəzərdə tutulur:

“Trendlərdən geri qalmamağa çalışacağıq. “AnewZ”u regional platforma kimi dəyərləndiririksə, onun çox güclü rəqibləri olduğunu da unutmamalıyıq. Ümumiyyətlə, media sahəsində rəqabət dünyada çox yüksək səviyyədədir. Buna tab gətirmək üçün daim yeniliklərə açıq olmalıyıq. Növbəti məqsədimiz isə rəqəmsal transformasiya dövrünə keçidi genişləndirməkdir”.

Globalinfo.az kollektivi “AnewZ” beynəlxalq televiziya kanalındakı həmkarlarını əlamətdar günləri münasibətilə təbrik edir, uğurlar arzulayır!

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: