BNA-dan avtobusdakı dava ilə bağlı AÇIQLAMA

Videogörüntülərdən aydın görünür ki, Bəkir Abubəkirov adlı sürücü noyabrın 17-də axşam saat 20:10 radələrində 3 saylı marşrut xətti üzrə hərəkətdə olarkən sərnişinlərə qarşı kobud davranıb. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) tələbinə əsasən “BakuBus”dan izahat tələb olunub və araşdırma öz təsdiqini tapıb.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev 3 nömrəli avtobusda sürücü ilə sərnişinlər arasında yaşanan insident haqda danışarkən deyib.

M.Ağayev sürücünün hərəkətinin qəbuledilməz olduğunu deyib:

“Şahidlərin də dediyi kimi, sürücü avtobusu dayanacaqda saxlayıb və qapıları bağladıqdan sonra hərəkət etməyib, avtobusa daxil olmaq istəyən sərnişinə isə qapıları açmayıb.

Videolarda da göründüyü kimi, sürücü qeyri-peşəkar davranıb və qeyri-etik ifadələr işlədərək sərnişinləri təhqir edib. Bununla bağlı BNA tərəfindən “BakuBus”a ciddi xəbərdarlıq edilib. Sürücü ilə bağlı tədbir görülməsi və oxşar halların təkrarlanmaması barədə ciddi tapşırıqlar verilib”.

Xatırladaq ki, 17 noyabrda “Ayna Sultanova”dan 8-ci mikrorayon istiqamətində hərəkət edən avtobusda sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb.

Zaira Akifqızı
Globalinfo.az