Aktivlik var: Bu dəfə hədəf Qarabağ deyil – Elmar Məmmədyarovdan sensasiya

Globalinfo.az sabiq xarici işlər naziri Elmar Məmmədyarovla müsahibəni təqdim edir:

– Separatçıların “lideri” Samvel Şahramanyanın “artsax”ın buraxılması “fərman”ını ləğv etdiyi bildirilir. Hazırda separatçılar çox aktivdirlər. Onlar nəyə nail olmaq istəyirlər?

– Şahramanyan nəyi ləğv edir-etsin, onsuz da, “artsax” deyə bir dövlət olmayıb. Separatçılar özləri üçün şou yaradıblar. Biri “ləğv” edir, digəri “olmaz” deyir. Bunlar gülməlidir. Hər kəs bilir ki, separatçılar Qarabağı işğal etdikdən sonra onlara pullar Ermənistanın büdcəsindən gəlirdi. İndi də Ermənistan büdcəsindən pul ala bilmək üçün hansısa formada o “adı” saxlamaq istəyirlər. Aktivliyin səbəbi də pul davasıdır. Oturduqları yerdə pul qazanmaq istəyirlər. Yəni bu dəfə hədəf Qarabağ deyil, puldur.

– Sizcə, separatçıların aktivliyi sülh prosesinə mane ola bilər?

– İnanmıram. Separatçıların burada heç bir rolu yoxdur. Onlar tarixə qovuşdular. Əsas məsələ Ermənistan hökumətidir, çünki sülh sazişi iki dövlət arasında bağlanacaq. Ora imzanı Azərbaycan və Ermənistan rəhbərləri atacaq.

– Bəzi ekspertlər iddia edirlər ki, sülh prosesi uzanacaq və bu, Ermənistanla Azərbaycan arasında yeni müharibəyə səbəb olacaq.

– Ermənilər anlamalıdır ki, Ermənistan hərbi baxımdan Azərbaycanla müharibə apara bilməz. Həm də niyə başlayırlar, Qarabağı yenidən işğal etmək üçün?! Bu, artıq mümkün deyil.

– 2023-cü ildə sülh müqaviləsi imzalanmadı. Çoxunun fikrincə, bu, 7 fevral 2024-cü il tarixinə qədər baş verəcək.

– Sülh müqaviləsinin iki ay müddətində imzalanacağı inandırıcı deyil. Həmin saziş yay aylarında imzalana bilər. Azərbaycan xalqı İlham Əliyevi tam dəstəkləyir, Nikol Paşinyanı isə ermənilər o qədər də dəstəkləmir. O, sülh sazişini imzalamaq üçün gərək dəstəkçilərindən güc alsın.

– Keçmiş qondarma rejimin “başçısı” Araik Arutyunyan özünü Azərbaycan vətəndaşı hesab etdiyini deyib. Hazırda Bakı təcridxanalarında olan terrorçular nə vaxtsa Azərbaycan vətəndaşlığı ala bilərmi?

– Vətəndaşlıq almaq asan iş deyil. Vətəndaşlığı Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezident verir. Yoxlamalar aparılır, DİN, XİN və s. bu məsələ ilə məşğul olur. Müraciət etsələr, məsələyə baxılmalı, daha sonra qərar qəbul edilməlidir.

– Bir neçə gün əvvəl Ermənistandan iki əsirimizi geri aldıq. Maraqlıdır, Ermənistanda Birinci Qarabağ müharibəsi dövründən sağ qalan əsirlərimiz var?

– Onların sağ qalması inandırıcı deyil. Nazir olduğum müddətdə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə sıx əlaqələrimiz var idi. İtkin düşmüş adamların siyahısını təqdim edən zaman Ermənistan tərəfi istər İrəvanda, istərsə də Qarabağda azərbaycanlı əsirlərin olmadığını bildirirdilər. Bunu gizlətmək çətindir. Əgər sağ qalan əsirlərimiz olsaydı, BQXK gedib görüşmüş olardı.

Zaira Akifqızı
Globalinfo.az