Berlin Parisi diplomatik masadan kənarlaşdırır: Bakının geosiyasi manevri

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan Berlində sülh müqaviləsi layihəsini müzakirə etdilər. Almaniyanın xarici işlər naziri Annalena Berbok görüşün vasitəçisi kimi Bayramovla Mirzoyanın müzakirələrini həm rəsmi, həm də qeyri-formal atmosferdə təşkil etdi.

Görüş sonrası verilən mesajların pozitivliyi də nəticənin müsbət olduğunu deməyə əsas verir.

Berlin görüşü sülh müqaviləsinin imzalanmasına töhfə verəcək?

Rəsmi Berlinin vasitəçiliyi tərəflər arasında sülhün imzalanması üçün nə qədər uğurludur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, ikigünlük görüşlərdən dərhal sonra Almaniyanın etibarlı broker ola biləcəyi qənaətini hasil etmək bir qədər tələsik fikir kimi nəzərə çarpa bilər:

“Cari situasiyada Almaniyanın Bakı-İrəvan arasındakı təmaslarda nəyi hədəflədiyini və Berlinə səhnə arxasından hansı çubuqları işarə verdiyini izah etməyə ehtiyac yaranır. Almaniyanın vasitəçiliyinə uzunmüddətli perspektivdən baxsaq, rahatlıqla deyə bilərik ki, Berlin Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində həlledici rol almağa meyllənir. Bundan başqa Cənubi Qafqaz doktrinasını format edilən beynəlxalq nizama uyğunlaşdırmaq siyasətini nümayiş etdirir. Ona görə Almaniya Azərbaycan-Ermənistan əlaqələrinin inşa edilməsindəki missiyasını geosiyasi qütblərdə qarşılıqlı inamsızlıqları aradan qaldırmaq missiyası ilə yüklənib.

Bayramovla Mirzoyanın görüşünün keçirildiyi eyni gündə Azərbaycan Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi də diqqət çəkir.

16 fevral 2024-cü il, Münhendə İlham Əliyevlə Mixael Harmsın görüşü

Əliyev Almaniyanın aparıcı şirkət rəhbərləri ilə görüşündə Fransanın, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin regionda məxfi geosiyasi məqsədlər güdən orbitdə olduqlarını bəyan etdi.

Berlində nazirlərin görüşü, Bakıda Əliyevin bəyanatları – bu, Almaniyanı Avropa İttifaqının təməl daşı kimi gizli gündəliklərə qarşı hərəkət trayektoriyasına salmağa yardımçı olmalıdır.

Bu, Əliyevin Almaniyanın danışıqlardakı moderatorluq səylərinə hansı şərtlə razılıq verdiyinin əlamətlərini göstərir. Yəni Almaniya geoiqtisadi güc kimi özünün imkanlarını Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə sərf etməlidir. Bu, avtomatik olaraq Avropa İttifaqının digər gücü Fransanın qaranlıq gündəliyini neytrallaşdıracaq.

Almaniya görəcəyi işlərin müqabilində Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqların inkişafına sərmayə qoya bilər. Almaniyanın bu müstəvidə hansı şücaətlər göstərəcəyi zamana və qlobal proseslərdəki hadisələrə bağlı məsələdir və onun gələcəkdə Rusiya ilə münasibətlərinə də təsir imkanına malikdir”.

Turan Rzayev
Globalinfo.az