Benzin mafiyası haqda şok detallar: Çirkli yanacaq şəbəkəsini kimlər himayə edir? 

11 aprel 2024-cü ildə “SOCAR Petroleum” QSC və “İST Petrol” yanacaqdoldurma məntəqəsində sürücülərə su ilə qarışdırılmış yanacağın satılması sosial şəbəkə istifadəçiləri, eləcə də sürücülər tərəfindən narazılığa səbəb olub.

“SOCAR Petroleum” QSC sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini bildirərək, sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürsə də, insanlar bundan sonra da keyfiyyətsiz məhsulun satışından narahatdırlar. Bundan başqa, paytaxt sakinləri xüsusən “İST Petrol”un “Əhmədli” filialında müxtəlif problemlərin olduğunu qeyd edir.

Mövzunu Globalinfo.az-a şərh edən Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, əvvəllər olduğu kimi, bu il də şikayət daha çox Aİ-95 markalı benzinin keyfiyyətindəndir.

Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət etməlidir:

“Lakin benzinin tərkibinin keyfiyyətinə SOCAR nəzarət edir və məsuliyyəti də məhz bu qurum daşıyır. Əvvəllər olduğu kimi, son zamanlar da “SOCAR petroleum”dan çoxlu şikayətlər var. Hətta əvvəl “SOCAR Petroleum”un Rövnəq Abdullayevin qohumlarına aid olduğu deyilirdi. Təəssüf ki, bütün komanda dəyişilsə də, şikayətlər yenə də oldu. Bu yaxınlarda Sumqayıtda yerləşən yanacaqdoldurma məntəqələrindən birində də sürücüyə qarşı belə haqsızlıq olunmuşdu. Problemi həll etmək əvəzinə, digər sürücülərə də təmiz yanacaq deyil, su ilə qarışdırılmış maddə satırlar”.

M.Qəhrəmanlı deyib ki, saxtakarlığın qarşısı aidiyyəti qurumlar tərəfindən alınmasa, sürücülər çətin vəziyyətə düşmüş olacaqlar:

“Mütləq yanacaqdoldurma məntəqələrində yoxlamalar aparılmalı, nəzarət gücləndirilməlidir. Deyirlər, guya çənə su süzülüb. Bu, mümkün deyil. İllərdir eyni şikayətlər mövcuddur. Son baş verən hadisə zamanı qurum sadə cavabla insanları yola verdi. Yaxşı, benzin alınan zaman yoxlanılır, bəs sonra? Satış zamanı şikayət varsa, araşdırılma aparılmalıdır artıq. Gec olmadan bunun qarşısı alınmalıdır. İnsanları uçuruma aparmasınlar”.

Globalinfo.az xatırladır ki, illərdir bu cür şikayətlər olur, amma problem həllini tapmır. Yanacağa su və başqa maddələr vuran şəbəkə ilə bağlı ölçü götürülmür. Çünki ortada milyonlarla qara vəsait dövr edir. Çirkli benzin mafiyasının bu əməllərinin ifşa edilməsi bir qurumun işi deyil. Bu, ciddi dövlət nəzarəti və iradəsi tələb edən prosesdir. Bu şəbəkə ifşa edilməyincə, onun əsas patronları cəzalandırılmayınca, sıravi insanların həm pulları, həm malları gedəcək.

Zaira Akifqızı

Globalinfo.az