(Foto şərtidir)
Son iki gündür sosial şəbəkələrdə yumurtanın 1 və 3 qəpiyə satılması ilə bağlı paylaşımlar qarşıma çıxırdı. Ardınca isə insanlar yarı zarafatla, yarı da ciddi şəkildə 100, 200, hətta 400 yumurta aldıqlarını göstərən fotolar paylaşmağa başladılar. Düzü, əvvəlcə buna inanmadım. Elə bildim növbəti zarafat statusudur.
Amma bu gün məhəllədəki marketə girəndə vəziyyətin heç də gülməli olmadığını gördüm. Rəflərdə bir dənə də olsun yumurta yox idi. Satıcıdan səbəbini soruşanda “İki gündür öz evimə 10 ədəd yumurta ala bilmirəm. 3 qəpiyə oldu deyə hamı alıb apardı, gələnlərin çoxu ən azı 100, bəzən isə 400-500 ədəd götürüb apardı” deyə cavab verdi.
Doğrudan da adam məyus olur. Axı yumurta nə uzun müddət saxlanılan ərzaqdır, nə də sabah tapılmayacaq vacib məhsul. Sanki dünyanın sonu gəlir və ya aclıq gəlir hamı ehtiyat toplayır. Bu davranışın adı qənaət deyil, acgözlükdür.
Ən ağrılı məqam isə odur ki, bir nəfər yüzlərlə yumurta götürdüyü üçün başqa bir ailə evinə lazım olan 10 ədədi belə ala bilmir. Bu, sadəcə alış-veriş məsələsi deyil, başqasının haqqını düşünməməkdir. “Mən özüm yeyim, qonşum ac qalsa da olar” düşüncəsidir!
Yadıma bir müddət əvvəl marketlərdən birində keçirilən böyük endirim düşür. İnsanlar ehtiyaclarından qat-qat artıq yağ alır, arabaları doldururdular. Nəticədə həqiqətən həmin məhsula ehtiyacı olanlar əliboş qalırdı. İndi də eyni mənzərəni yumurtada görürük.
Bir az vicdanlı olaq. “Mən alım, başqasına qalsa da, qalmasa da fərqi yoxdur” düşüncəsi bizi heç yerə aparmayacaq. Hər kəs ehtiyacı qədər alsa, nə rəflər boşalar, nə də insanlar ən sadə ərzaq məhsulunu tapmaq üçün çətinlik çəkər.
İnanın, yüzlərlə yumurtanı alıb evə yığmaq ağıllı davranış deyil. Böyük ehtimalla onların bir hissəsi istifadə olunmadan zibil qutusuna atılacaq. Halbuki həmin yumurtalar başqa ailələrin süfrəsində yer ala bilərdi. Hər şeyi süpürüb aparmaq yox, başqalarını da düşünmək lazımdır.
Zaira Akifqızı
Globalinfo.az