İoannis Diamantakos basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru təyin olunub.
Bu barədə Globalinfo.az-a Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.
ABF yunanıstanlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
O, son olaraq Səudiyyə Ərəbistanının “AlUla” klubunun baş məşqçisi kimi fəaliyyət göstərib.
Mütəxəssis Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas millisinin, eləcə də U-18 oğlan və qız yığmalarının baş məşqçisi vəzifələrində çalışıb. Mütəxəssis həmçinin Fələstinin kişilərdən ibarət əsas millisinə və Rumıniyanın U-20 yığmasına rəhbərlik edib.
Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Diamantakosun məşqçilik karyerasında U-18 qadınlar arasında FIBA Asiya Kubokunun B divizionunda və U-18 WABA turnirində qazanılan gümüş medallar, Fələstin Basketbol Liqası çempionluğu və Yunanıstanda iki liqa çempionluğu yer alır. O, həmçinin komandaları ilə FIBA Europe Cup-da ən güclü “səkkizlik”də yer alıb və FIBA U-20 Avropa çempionatını beşinci pillədə başa vurub.
Basketbol sahəsindəki fəaliyyətindən əlavə, İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Onun akademik bilikləri məşqçilik və liderlik fəaliyyətinə elmi yanaşma gətirir.
Diamantakosun əsas milli komanda ilə qarşıdakı hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək FIBA-nın qadınlar arasında 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində rəqabətədavamlı çıxış etməkdir. Bu turnir gələcək üçün mühüm təcrübə qazandırmaqla yanaşı, 2027-ci ilin yayında keçiriləcək FIBA-nın qızlar arasında U-16, U-18 və U-20 Avropa çempionatlarına hazırlıq baxımından da faydalı olacaq.