Bakıda və ətraf qəsəbələrdə müşahidə olunan güclü yağışlar göstərdi ki, bəzi fərdi evlərin yerləşdiyi ərazilər infrastruktur və relyef baxımından risklidir. Xüsusən kanalizasiya sistemi zəif olan və suyun yığıldığı ərazilərdə tikilmiş evlər zərər görür. İddia edilir ki, bu vəziyyət mənzil bazarında yeni reallıqlar yaradacaq və həmin ərazilərdəki evlər ucuzlaşacaq.
Təbii fəlakətdən sonra Bakıda və ətraf qəsəbələrdə həyət evləri ucuzlaşa bilərmi?
Globalinfo.az-a danışan əmlak eksperti Mülkədar Rüstəmov bildirib ki, Bakı və ətraf qəsəbələrdə həyət evlərinin ucuzlaşması gözlənilir:
“Bəzi ərazilərdəki evlər yağış və su basma nəticəsində ziyan gördü. Bu, alıcıların seçimlərinə təsir edəcək və insanlar daha çox öz nəzarətləri altında tikinti prosesinə üstünlük verəcəklər. Hazırda fərdi evlərin bir hissəsi riskli ərazilərdə yerləşir və bu səbəbdən qiymətlərin ucuzlaşması qaçılmazdır. Eyni zamanda baş verənlər alıcı marağında da dəyişiklik yaradacaq. Məsələn, insanlar hazır evləri almaqdan daha çox, özləri torpaq alıb, tikintini şəxsən nəzarət altında həyata keçirməyə üstünlük verəcəklər”.
Ekspert vurğulayıb ki, xüsusilə yoxuş ərazilərdə və mərkəzi kanalizasiya sistemi olmayan bölgələrdə villalar tikilib:
“Məsələn, Mərdəkan, Şüvəlan, Buzovna kimi prestijli ərazilərdə kanalizasiya sistemi hələ tam təmin olmayıb, lakin torpaq qatının xüsusiyyətləri səbəbindən subasma halları müşahidə olunmayıb. Ərazidə əsasən qumlu torpaq üstünlük təşkil edir və qum suyu çəkdiyi üçün kütləvi problemlər yaranmayıb. Ümumilikdə isə Bakıda mərkəzləşdirilmiş kanalizasiya sistemi hələ də tam formalaşmayıb, təxminən 40-50 faiz səviyyəsindədir. Bu problem həll olunmadıqca oxşar hallar təkrarlana bilər”.
Mülkədar Rüstəmov
M.Rüstəmov xatırladıb ki, güclü yağış zamanı bəzi evlərin zirzəmi hissəsi, bəzilərinin isə yarıya qədər hissəsi zərər gördü:
“Bu isə gələcəkdə həmin tikililərin bünövrəsində problemlər yarada bilər. Yəni yaxın illərdə həmin evlərdə çökmə, əyilmə, çatların yaranması kimi risklər qaçılmazdır.
Vətəndaşlar makler vasitəsilə hazır ev almaqdansa, torpaq sahəsi alıb, tikinti prosesinə şəxsən nəzarət etsinlər. Çıxarışın olmasına, torpağın təyinatına uyğunluğuna, ərazinin landşaftına və səth xüsusiyyətlərinə diqqət yetirmək vacibdir. Xüsusilə çökək və su yığılan ərazilərdən uzaq durmaq lazımdır. Evlərin tikintisi minimum yeddi daş kürsü üzərində aparılmalıdır ki, gələcəkdə oxşar hallar baş verərsə, zərər minimuma endirilsin”.
Ekspert əlavə edib ki, bəzi ərazilərdə, məsələn, Keşlə qəsəbəsi, Sumqayıt və Xırdalanda evlər su altında qalıb:
“Bu ərazilərdə evlər bir-birinə yaxın tikilib və şəhərsalma qaydalarına əməl olunmayıb. Dövlət qurumları, xüsusilə Fövqəladə Hallar Nazirliyi, bələdiyyələr və icra hakimiyyətləri maarifləndirmə işlərini gücləndirməli, məsul şəxsləri müəyyən etməlidir. Tikinti ilə bağlı ilkin mərhələdə müraciət olunan layihə təşkilatları da vətəndaşları düzgün istiqamətləndirməlidir”.
Zaira Akifqızı
Globalinfo.az