Məhərrəmlikdə oruc tutmaq və evlənmək olar? – CAVAB

Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Məhərrəmlik islam təqviminin yeni ilinin ilk ayı olmaqla yanaşı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır. İnanca görə, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır. Maraqlıdır, bəs Məhərrəmlikdə oruc tutmaq olarmı?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib ki, Məhərrəmlikdə oruc tutmaq olar, lakin Aşura günündə olmaz.

O bildirib ki, tarixi məlumatlara görə, Peyğəmbər (s.ə.s) Mədinə şəhərinə daxil olduğu zaman Aşura günü orada bir çox əqidə və din sahiblərinin oruc olduğunu görüb və deyib ki, orucu ya bir gün öncə, ya da bir gün sonra tutsunlar:

“Belə bir hədis var, amma hamı tərəfindən təsdiqlənmir. Məsələn, cəfəri məzhəbinə görə, Aşura günü oruc tutulsa belə, günortaya qədər olmalıdır. Günortadan sonra oruc açılmalıdır. Ona görə ki, Kərbəlaya İmam Hüseyni qətlə yetirmək üçün göndərilən yezid və onun tərəfdarları Hüseyni öldürdükləri üçün sevinib oruc tutmuşdular. Bu baxımdan cəfəri məzhəbində olan əqidə sahibləri Aşura günü oruc tutmurlar”.

F.Nurullayevin sözlərinə görə, Məhərrəmlik ayında oruc tutmaq və evlənmək olar:

“Bəzən insanlar toyla evlənməyi qarışdırır. Hər kəs istənilən vaxt ailə qura bilər. Sadəcə, toy anlayışı fərqlidir. İmam Hüseyn və onun ailəsinə hörmət edənlər Məhərrəmlikdə şənlik keçirməzlər. Hətta Səfər ayını da gözləyirlər. Çünki Aşura günü İmam Hüseynin, qardaşları və oğullarının şəhadətə ucaldığı vaxtdır, Səfər ayında isə iki imamımız və Peyğəmbərimiz vəfat edib. Ona görə də bu təqvimi bilənlər toylarını, digər şənliklərini təxirə salırlar”.

Zaira Akifqızı
Globalinfo.az