is saati

“Bakıda çevik iş saatlarının tətbiq edilməsi ilk baxışdan məntiqli görünsə də, işlək olması çətindir”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

“Bunu ancaq dövlət-büdcə təşkilatlarında etmək olar, amma özəl sektora bunu əmr etmək mümkün və doğru deyil. İri özəl banklarda, holdinqlərdə mümkün ola bilər, amma, kiçik dükan, kafe, restoranlar üçün əksidir.

İşləyən valideynlər məktəblər saat 8-də başladığı üçün uşaqlarını məktəbə qoyub, sonra işə gedirlər. Yaxşı, məsələn, valideynə dedilər ki, iş saat 07:00-də başlayacaq, ya da 10:00-da, o zaman nə etsinlər? Ölkədə “SchoolBus” sistemi yoxdur ki, uşaqlar məktəbə gedib-gələ bilsinlər, və ya heç də həmişə evə yaxın ərazidə məktəblərdə yer tapmaq olmur. O zaman valideyn nə etsin?!”, – deyə o qeyd edib.

İqtisadçı bildirib ki, iş qrafiki məsələsini həssas və nöqtəli təyin etmək lazım gələcək:

“Bu da tıxac və ictimai nəqliyyatdakı sıxlıq problemini aradan qaldıran amil olmayacaq. Xülasə, bizdə “məktəbbas” (avtobus) yoxdur, amma “basabas” həmişə var”.

N.Cəfərlinin sözlərinə görə, paytaxtda tıxac probleminin fundamental həll edilməsi lazımdır, kosmetik tədbirlər heç nəyi dəyişməyəcək:

“İctimai nəqliyyat əlçatan olmalı, tez və konfortlu xidmət göstərməlidir, Bakının yükü azaldılmalı, yol infrastruktutu yaxşılaşdırılmalıdır. Ümumiyyətlə, seçkili Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti formalaşdırılmalıdır ki, səlahiyyət və məsuliyyətin eyni ünvanı olsun. Bu gün Bakı pərakəndə idarə edilir, hamının səlahiyyəti var – amma, heç kim məsuliyyət daşımaq istəmir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: