Bakıda İranla bağlı iki kritik görüş – Azərbaycana təklif edilən sensasion variant

Son günlər İsrail-İran və Azərbaycan-İran gərginliyi kontekstində regionda ciddi siyasi proseslər cərəyan edir. Belə ki, bir neçə gün əvvəl MKİ şefi Uilyam Berns İsraildə səfərdə idi. O, daha sonra Qahirədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşdü. Sisi bundan sonra yanvarın 27-də Azərbaycana gəldi.

Maraqlıdır, Misir proseslərin hansı nöqtəsindədir? İranla bağlı gərginlikdə Azərbaycan hansı mövqedə dayanmalıdır? Bakı Tehranın vurulmasında maraqlıdırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyyə Qarayeva deyib ki, İrandan İsrailə hücum olacaqsa, ABŞ buna reaksiya verəcək:

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns İsrailə səfəri çərçivəsində MOSSAD-ın rəhbəri David Barnea ilə görüşdü. Görüşün ardınca İsrail ordusunun Suriyanın Hüms vilayətində yerləşən aviabazaya raket zərbələri endirməsi iki ölkə arasında İrana hücumla bağlı razılaşmanın olduğunu göstərir.

Bildiyimiz kimi, Körfəz ölkələrində və İsraildə ABŞ-ın hərbi bazaları var. Əgər İran tərəfindən bu ölkələrə hücum olsa, bu, ABŞ-ın reaksiyasına səbəb olacaq. Ona görə də Vaşinqton İranın əks-reaksiya verməsində maraqlıdır”.

Politoloq xatırladıb ki, İran uranın 60 faizdən çox zənginləşdirilməsini həyata keçirib:

“Artıq MAQATE həyəcan təbili çalır. Belə davam edərsə, yaxın zamanda İran nüvə silahı əldə edə bilər. İranda, Suriyada, İraqda aviabazaların vurulması, tam şəkildə İrana qarşı strateji hücumun həyata keçirilməsidir.

Misir Prezidenti Sisiyə gəlincə, o, ABŞ-ın dəstəyini alır. Onun MKİ şefi Uilyam Bernslə görüşü İrana qarşı koalisiyada Misirin də yer aldığını göstərir”.

Z.Qarayeva vurğulayıb ki, Sisinin Azərbaycana səfərində İranla mübarizə amili də var:

“Qərb ölkələri bu mübarizəyə Azərbaycanı da təhrik etməyə çalışırlar. Tehranda həyata keçirilən teraktdan sonra İsrailin Azərbaycandakı səfirinin Hikmət Hacıyevlə görüşməsi, Sisinin səfəri, hesab edirəm ki, İran ətrafında çənbərin daralmasına istiqamətlənib. Rəsmi Bakı isə heç vaxt öz ərazisinin başqa ölkələrlə savaş üçün poliqona çevrilməsinə razılıq verməyib. Bu, sadəcə qarşı ölkəyə olan münasibətlə çərçivələnmir. Azərbaycan sülh tərəfdarıdır və regionda sabitliyin pozulması milli təhlükəsizliyimizi təhdid edəcək vəziyyətdir. O baxımdan düşünürəm ki, İranın terror siyasətinin qarşılığı başqa ölkələrin maraqlarına uyğun şəkildə deyil, ölkəmiz tərəfindən diplomatik və hüquqi çərçivədə veriləcək”.

Turan Rzayev
Globalinfo.az