Bakıda həbsdə yatan separatçının Nobelə namizədliyi irəli sürüldü

Bakıda həbsdə olan keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın 2024-cü il üzrə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyus Armenia” məlumat yayıb.

Məlumatın Vardanyanın yaxınları tərəfindən təsdiqləndiyi bildirilir.

R.Vardanyanın namizədliyi guya “humanitar, xeyriyyə, təhsil layihələri həyata keçirdiyi” üçün irəli sürülüb.

Maraqlıdır ki, Vətən müharibəsindən sonra Rusiyadan Qarabağa köçən və burada separatçıları, terrorçuları maliyyələşdirən, sülh və kompromis əvəzinə silahlı münaqişəni təşviq edən Vardanyanın “Qarabağda gördüyü xeyriyyə və humanitar işlər” də qabardılıb.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsi üzrə terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur.

Ayşən Mustafa
Globalinfo.az