Araik AzTV-yə danışdı – Hamını maraqlandıran suala hansı cavabı verib?

AzTV-nin Qarabağda məhv edilmiş separatçı rejimin keçmiş başçısı Araik Arutyunyandan aldığı müsahibə hələ yayımlanmasa da, onun nələr dediyinə dair bir sıra versiyalar irəli sürmək olar.

Aydın məsələdir ki, Araikin AzTV-yə müsahibəsində dedikləri ilə istintaq prosesi çərçivəsində dedikləri arasında müəyyən fərqlər var.

Fikrimcə, Araik müsahibə zamanı 44 günlük müharibə vaxtı törətdiyi hərbi cinayətləri etiraf edəcək. Yəqin ki, Gəncənin bombalanması əmrinin Ermənistandan və ya onun havadarı olan hansısa ölkədən gəldiyini yalnız istintaqla bölüşüb.

Həmçinin separatçıbaşı qondarma rejimin “rəhbəri” olduğu dövrə qədər Qarabağda etdiklərini, qanunsuz silah daşınması, bölgənin minalanmasını və s. etiraf edə bilər. Amma separatçılara silah yardımı edən ölkə və ya ölkələrin hansı olmasını ictimaiyyətə açıqlaması mümkün görünmür.

Bununla belə, Arutyunyanın AzTV-yə müsahibə verməsi – ekran qarşısına çıxarılması mühümdür:

Birincisi, uzun müddətdir Qərbdə ona işgəncə verildiyi, saxlanma şəraitinin pis olduğu və s. kimi dezinformasiyalar yayılır. Lakin görüntülərdə Araikin kifayət qədər normal, hətta yaxşı durumda olduğu bilinəcək.

İkincisi, Araikin törətdiyi cinayətləri ictimaiyyət önündə etiraf etməsi onunla bağlı verilən qərarları, habelə cəza tədbirlərini leqallaşdıracaq. Söhbət burada onun ədalətsiz şəkildə həbs edildiyini iddia edən Qərbdən gedir.

Üçüncüsü və ən önəmlisi, bu müsahibə Azərbaycanın separatizm üzərində qələbəsinin növbəti sübutu olacaq. Bütün dünyaya və separatçı arzularla yaşayanlara qəti xəbərdarlıq veriləcək – rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradacaq heç bir qüvvəni bağışlamır!

Turan Rzayev
Globalinfo.az