
Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***10:41
Bu gün səhər saatlarında yanğının baş verdiyi gəmi “BP-Azerbaijan” şirkətinin sifarişi ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun ərazisində açıq dənizdə dalğıc işləri həyata keçirb.
Globalinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.
“Bu gün səhər saatlarında yanğının baş verdiyi dalğıc gəmisi AÇG blokunun ərazisində sualtı işlər həyata keçirirdi. Gəmi blokda fəaliyyət göstərən heç bir platformaya xidmət göstərmir və yanğın zamanı onların heç birinin yaxınlığında olmayıb”, – deyə o qeyd edib.
Menecerin sözlərinə görə, yanğın nəticəsində xəsarət alan olmayıb, gəminin bütün ekipaj üzvləri yaxınlıqdakı gəmilərə uğurla təxliyə edilib və hazırda təhlükəsiz ərazidədirlər.
“Gəmi müqavilə ərazisindən təhlükəsiz məsafəyə aparılıb”, – “BP-Azərbaycan”ın rəsmisi vurğulayıb.
“Report”un öz mənbələrindən əldə etdiyi məlumata görə, dalğıc gəmisi “Maritime Logistics Inc” şirkətinə məxsusdur.
***09:26
Xəzər dənizində təchizat gəmisində yanğın olub.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub:
“Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək”- deyə nazirliyin məlumatında qeyd edilib.