Bakıda elan edilən müharibə üçün referendum yekunlaşdı – Savaş başlayır!

“Venesuela və Qayana arasında Essekibo ərazisi uğrunda gərginlik artmaqdadır. Əslində bu ərazi dənizə çıxışı olan və böyük ehtiyatlara malik xüsusi ərazidir. Qeyd etmək lazımdır ki, Qayana 1800-ci ildə Bolivar Respublikasının ərazisi olub. 1900-ci ildən İngilis müstəmləkəsinə çevrilib”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kamran Sultanlı Venesuelada baş tutan və Qayananın üçdə iki hissəsini əhatə edən Essekibonu özünə birləşdirməyi ehtiva edən referendumun nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qayana dövləti dili ingilis dili olan yeganə Latın Amerikası ölkəsidir:

“Qayananın ərazilərinin 90 faizi kəşf edilməyib. Əhalisinin 10 faizi müsəlman olan bu ölkənin hazırkı prezidenti də islam dininin nümayəndəsidir. Lakin Venesuelanı cəsarətləndirən bir neçə amil var.

Birincisi, seçki öncəsi daxildə Bayden üçün neftin qiymətinin endirilməsi olduqca vacibdir və Bayden administrasiyası bunun üçün Venesuelaya bir sıra güzəştlərə gedib, sanksiyaları yumşaldıb. Əgər Venesuela Qayanaya müdaxilə edərsə və buraya ABŞ girərsə, bu, neftin qiymətini artıra və Baydenə seçki öncəsi ciddi mənfi təsir göstərə bilər. Bu baxımdan Maduro bu momentumdan istifadəyə çalışır.

Moskva əsla Türk dünyasında inteqrasiyanın həyata keçməsinə imkan verməyəcək" » Sözçü qəzeti

Kamran Sultanlı

Lakin digər önəmli səbəb də var. Əgər bu ərazi Qayanada qalarsa və buraya ABŞ sərmayəsi gələrsə, həmin coğrafiya vasitəsilə Qayana əsas neft ixrac edən dövlətə çevrilib, Qərbin müttəfiqi ola bilər. Bu isə faktiki olaraq Qərblə münasibətlərdə əlində təsir vasitələri olan Venesuelanın rıçaqlardan məhrum olması, Qərblə münasibətlərdə əlinin zəifləməsi demək olacaq. Bu baxımdan Venesuela buna imkan vermək istəmir. Digər tərəfdən isə Maduro ABŞ-ı şantaj edib ondan daha çox şeylər qoparmaq istəyir. Düşünürəm ki, Maduro tələsməyəcək, çünki bu, Qayanaya daha ciddi dəstəyin verilməsinə səbəb ola bilər”.

Ekspert qeyd edib ki, gələn il prezident seçkiləri öncəsi Maduro bu amildən istifadə edib xalqın daha çox dəstəyini qazanmaq və ordunu arxasına almağa çalışacaq:

“Rusiyaya gəldikdə isə Venesuela Rusiyanın Latın Amerikasında əsas tərəfdaşlarından biridir. Venesuelada 800-ə yaxın “Vaqner” ekspertləri mövcuddur. Venesuelanın Qayanaya hücumu bir neçə faktordan Rusiya üçün faydalıdır. ABŞ-ın diqqətinin öz sərhədlərinə qədər yayılması, Venesuela kimi dünyanın ən böyük neft ehtiyatlarına malik ölkənin müharibədə iştirakı neftin qiymətlərini artıra bilər. Bu da öz növbəsində Rusiya üçün gəlirlərin artması və sanksiyaların təsirinin azaldılması deməkdir. Bu cür ssenari eyni zamanda Rusiyanın əsas düşməni olan ABŞ Demokratlarının seçki öncəsi əlinin zəifləməsi deməkdir. Lakin əgər Maduro məğlub olarsa, Venesuelada çevrilişin olması və Rusiyanın əsas tərəfdaşını itirməsi riski yaranar.

Bu baxımdan vəziyyət qumar oyununa da bənzəyir. ABŞ hərbçilərinin Qayanaya gəlməsi, Qayananın ABŞ-dan yardım istəməsi onu göstərir ki, Vaşinqton Karakası çəkindirməyə çalışır. Eyni zamanda regionun əsas gücü olan neft ixracatçılarından daha biri olan Braziliya da Venesuelanın Essekibonu ələ keçirməsini istəmir. Bu əraziyə müdaxilə Braziliya və Venesuelanı üz-üzə qoya bilər. Düşünürəm ki, Maduro bu riskləri başa düşür və asanlıqla hərbi avantüralara getməyəcək”.

Qeyd edək ki, Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez Berroteranın bir neçə gün öncə Bakıda keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı açıqlama vermişdi. O deyib ki, “Essekibo ərazisi Venesuela üçün böyük əhəmiyyət kəsb edir, onun ölkəyə daxil olması ərazi bütövlüyümüzün bərpası deməkdir”.

Səfir bildirib ki, dekabrın 3-də keçiriləcək referendum sayəsində bu ərazi ətrafında yaranmış mübahisəni demokratik yolla, əhalinin səsləri ilə həll etməyə çalışacaqlar.
O, “məsələni demokratik yolla həll etməyə çalışacağıq” desə də, müharibənin qaçınılmaz olduğu ehtimal edilir.

Turan Rzayev
Globalinfo.az