Bakıda beynəlxalq konfrans keçirildi – YENİLƏNİB

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, toplantıda dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsinin daim diqqət mərkəzində saxlanıldığını, qanunvericilik bazasının beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.

Ombudsman bu gün dünya ictimaiyyətinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qaldığını qeyd edib, Azərbaycanın bu ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu, Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı kəskin nifrət zəmnində etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçirdiyini bildirib.

Müvəkkil otuz ilə yaxın müddətdə işğal altında saxlanılmış və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqların, əksər şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılmasının, ərazilərimizin minalarla çirkləndirilməsinin ölkəmizə qarşı həyata keçirilmiş bu siyasəti bir daha sübut etdiyini diqqətə çatdırıb. S.Əliyeva, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsinin narahatlıq hissi yaratdığını vurğulayıb.

Konfransda BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə Baş müşaviri Vladimir Şkolnikov və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edib, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqlarının təşviqi və müdafiəsi baxımından əhəmiyyətini vurğulayıblar. Natiqlər bu Bəyannamənin ölkəmizdə həyata keçirilməsindən və onun müsbət nəticələrindən danışıblar.
Sonra tədbirdə “Azərbaycanda insan hüquqlarının müdafiəsi: nailiyyətlər və problemlər” və “İnsan hüquqları, vətəndaş cəmiyyəti institutlarının rolunun təşviqində alətlərin və metodologiyaların genişləndirilməsi” mövzularında panel müzakirələri təşkil olunub.

Panel müzakirələrdə mövzular üzrə çıxışlar dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb.

Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

***10:18

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

Globalinfo.az bildirir ki, toplantıda Ombudsman Səbinə Əliyeva, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə Baş müşaviri Vladimir Şkolnikov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər şəxslər iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsinin daim diqqət mərkəzində saxlanıldığını, qanunvericilik bazasının beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.