Bakı və İrəvan arasında daha dramatik savaş başlayır: nəticəsi belə olacaq – ABŞ ekspertləri

ABŞ-nin “Forin Polisi” jurnalı cari ilin yeni başlayacaq konfliktləri sırasında Azərbaycan-Ermənistan gərginliyinin ola biləcəyini də qeyd edib.

Globalinfo.az xəbər verir ki, jurnal Cənubi Qafqazdakı yeni qüvvələr balansına Ukraynadakı savaşın böyük təsir göstərdiyini və bunun yeni toqquşmaya gətirib çıxara biləcəyini yazıb. Bununla yanaşı, yaranmış yeni situasiyanın Rusiyanın maraqlarına uyğun olmadığı, xüsusilə Moskvanın Ukraynadakı uğursuzluğunun onun regionla bağlı ilkin planlarını da pozduğu vurğulanıb.

Jurnalın analitiklərinə görə, iki ölkə arasında başlayacaq yeni savaş qısamüddətli və II Qarabağ müharibəsindən daha dramatik olacaq. Belə ki, araşdırmada Ermənistan ordusunun xüsusilə silah çatışmazlığı baxımdan böyük çətinliklər yaşadığı bildirilib. Azərbaycan tərəfinə gəlincə isə onun hərbi potensialını artırdığı, Avropanın qaza tələbatının Bakını bir qədər də ilhamlandırdığı qeyd edilib.

Jurnal Rusiyanın Ukraynadakı uğursuzluqları fonunda iki ölkənin sərhədində savaşı dayandırmaq iqtidarında olmadığını da vurğulayıb.

Amerikalı ekspertlərə görə, Zəngəzur dəhlizinin reallaşması regionda iqtisadi vəziyyəti yaxşılaşdırmaqla bərabər, Qarabağ məsələsinin nizamlanmasına da mühüm təsir göstərə bilər.

Məqalədə həmçinin iki ölkə arasında münasibətlərin nizamlanması üçün nəzərdə tutulan Rusiya və ABŞ planları arasında müqayisə də aparılıb və burada üstünlük Vaşinqton layihəsinə verilib. Bununla belə, sülh danışıqlarının hansısa nəticəyə gətirib çıxarmayacağı və yeni müharibənin başlayacağı, Azərbaycanın isə burada öz hədəflərinə çatacağı vurğulanıb.

Aqşin
Globalinfo.az