Ermənistan və İran maraqları 100 faiz üst-üstə düşən ölkələrdir. Dünyada iki ölkənin maraqlarının bu qədər üst-üstə düşdüyü oxşar hadisə tapmaq çox çətindir.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Tehran ATU Universitetinin müəllimi, beynəlxalq əlaqələr üzrə alim Ehsan Müvəhhedian “Armenpress”ə müsahibəsində deyib.
O, Ermənistan və İran arasındakı münasibətlərin və əməkdaşlığın genişləndiyini və artdığını bildirib:
“Münasibətlərimizin artması məni qane edir, lakin hesab edirəm ki, biz onları intensivləşdirməliyik. Məncə, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsasını dəhlizlər təşkil edir. Ermənistanın regionun iqtisadi marşrutlarının mərkəzində olmaq istəyi, “Sülh qovşağı” təşəbbüsü həm sizin üçün, həm də İran üçün son dərəcə əhəmiyyətlidir”.
O, xüsusilə Şimal-Cənub dəhlizinin Ermənistan və İran üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, İrəvan və Tehran bu dəhlizi təkmilləşdirməyə və inkişaf etdirməyə çalışmalıdır, çünki bu, Ermənistan üçün Fars körfəzinə ən təhlükəsiz yoldur:
“Lakin Ermənistanın da Şərqi Qərblə birləşdirən iqtisadi marşruta qoşulmaq istəməsi yaxşıdır. Vəziyyəti qiymətləndirəndə düşünürəm ki, İrəvanla Bakı arasında sülh sazişi o qədər də tez olmayacaq, çünki biz Türkiyə və Azərbaycanın sizin təşəbbüslərinizə necə reaksiya verdiyini görürük. Ona görə də İran, Ermənistan və Gürcüstan vasitəsilə yaxşı variant var. Və hər üç ölkənin bir-biri ilə əlaqə saxlaması vacibdir”.
Ekspert bu baxımdan Ermənistanın İran üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyib:
“Sadəcə, İranda bəzi insanlar bu əlaqənin nə qədər vacib olduğunu başa düşmürlər”.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıqdan danışan ekspert Ermənistanın enerji bazarını şaxələndirmək istədiyini, Rusiyadan asılı olmaq istəmədiyini xatırladıb:
“Bu, çox məntiqlidir, çünki dünyanın bütün ölkələri bunu edir. Bu məsələdə daha çox İrana arxalana bilərsiniz. Bizim elektrik enerjisi və qaz mübadiləsi ilə bağlı razılaşmamız var və biz onu genişləndirməliyik”.