ABŞ Moskvanı Zəngəzurdan “vurur”

“ABŞ Dövlət Departamenti ermənipərəst konqresmenlərin yedəyində süründüyünə görə Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu itirmək üzrədir. Xarici işlər naziri Ceyhun Bayramov noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən imtina edib. Bu o deməkdir ki, rəsmi Bakı Vaşinqtonun vasitəçiliyindən rəsmən imtina edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, amerikalı rəsmilər və diplomatlar Cənubi Qafqazla bağlı Konqresin komitələrinin dinləmələrində çıxış edərkən adətən Azərbaycanın siyasətini tənqid edirlər:

“Çünki Konqresdə dinləmələri təşkil edənlər erməni lobbisinə yaxın konqresmenlərdir. Onlar isə dinləmələrdə Azərbaycan haqqında yalnız tənqidi fikirlər dinləmək istəyirlər. Bu baxımdan Dövlət Departamentinin rəsmiləri problemlə üzləşməmək üçün konqresmenlərin istəklərinə zidd fikirlər söyləmirlər. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms Obreyn Konqresdəki çıxışında amerikalı diplomatların Bakıya səfərlərinin təxirə salındığını desə də, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono noyabrın 8-də Bakıda olub. O, il ərzində bir neçə dəfə Bakıya gəlib, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb.

Elxan Şahinoğlu

Vaşinqtonun məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır. Buna baxmayaraq, Brüssel kimi Vaşinqton da “Azərbaycan Ermənistana təhlükə yaradır” bəhanəsi ilə İrəvana dəstəyi artırmağa qərar verib. Halbuki Brüsselin və Vaşinqtonun məqsədi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını və Rusiyanın hərbi bazasından imtinasını təmin etməkdir.

Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca burada möhkəmlənmək imkanlarına zərbə vurur, Rusiyanı sıxışdırmaq siyasətində Azərbaycanı itirir”.

Turan Rzayev
Globalinfo.az