Qarabağda gərginlik artdı: Bakı nöqtəni qoydu, anons verildi

18 sentyabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

Brifinqdə bir çox məsələlərə toxunulub:

Birincisi, brifinqdə Qarabağdakı terrorçuların sayı və malik olduqları hərbi texnikanın miqdarı açıqlandı. Belə ki, 10 min nəfərdən çox erməni silahlısı, yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistemi hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindədir.

Qeyd olunan canlı qüvvə və hərbi texnikanın sayı kifayət qədər ciddidir. Müqayisə üçün deyim ki, bu qədər hərbi qüvvə və silah arsenalı nə qondarma Abxaziya (Gürcüstan), nə Cənubi Osetiya (Gürcüstan), nə Dnesteryanı (Moldova), nə də Donbask və Luqanskda (Ukrayna) var.

Rəsmi Bakının bunu indiki məqamda qeyd etməsi təsadüfi deyil. Belə ki, Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistan tərəfindən maliyyələşdirilir. Bu isə 10 Noyabr bəyantının 4-cü bəndinin kobud şəkildə pozulmasıdır.

İkincisi, separatçılar Azərbaycanın suveren ərazilərində qeyri-qanuni radio-elektron mübarizə sistemləri yerləşdiriblər. Brifinqdə 13 iyul, 24 iyul, 27 iyul, 21 avqust, 1 sentyabr tarixləri də daxil olmaqla son bir neçə ay ərzində Azərbaycan Hava Yollarının mülki təyyarələri ilə yanaşı, xarici dövlətlərin mülki təyyarələrinin də radio-elektron müdaxiləyə məruz qaldığı qeyd olundu.

Rəsmi Bakı bununla separatçıların təkcə Azərbaycan üçün deyil, həm də xarici dövlətlərin vətəndaşları üçün potensial təhdid yaratdığı mesajını verir.

Üçüncüsü, son günlər həm Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi-mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur.

Ermənistan növbəti hücum üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır. Paralel olaraq separatçılar mövqelərimizə hücum edərək, hərbçilərimizi yaralayıb.

Nəticə etibarilə rəsmi Bakı faktları beynəlxalq ictimaiyyətə növbəti dəfə təqdim edərək zərurət yaranacağı təqdirdə atılacaq addımların anonsunu verdi. 10 minlik silahlısı və yüzlərlə hərbi texnikası olan separatçılara qarşı mümkün əməliyyatın miqyası kiçik olmayacaq. Hətta Qarabağda antiterror əməliyyatı ilə Ermənistanı sülhə məcburetmə əməliyyatı eyni anda başlaya bilər. Bu mənada sözügedən brifinq həm də Ermənistan və onun dəstəklədiyi separatçılara ultimatum idi.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı