
“ABŞ Prezidenti Donald Tramp administrasiyası USAİD-in ləğvi ilə Çinin beynəlxalq təsir sferasında səylərinin aktivləşəcəyindən qorxmur”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
O, Çinin USİAD-ın ləğvinə görə yaranacaq vakumu doldurmaq iqtidarında olmadığını söyləyib:
“Onlar belə işlərlə məşğul olmurlar. Əgər Pekin bu istiqamətdə addım atsaydı, Vaşinqtonla rəqabətə girərdi”.
Rubio deyib ki, USAİD Ağ Evin bir sıra ölkələrdə səylərinə mane olur:
“Onlar bizim geniş spektrda çalışmağa cəhd etdiyimiz hökumətlərin narazılığına səbəb olan proqramları dəstəkləyirlər. Təşkilatdakılar sadəcə ABŞ-la işlədiklərini nəzərə almırlar”.
Lakin Rubio USAİD-in hansı hökumətlərin narazılığına səbəb olduğunu açıqlamayıb. Bundan öncə Azərbaycan və Gürcüstan USAİD-in fəaliyyətinə görə narazılığını bildirmişdi. Hətta təşkilatın ölkəmizdəki fəaliyyəti yaxın zamanda qadağan edildi.
USAİD son dövrlərdə Ermənistana yardımları artırmışdı. Baş nazir Nikol Paşinyan təşkilatla bağlı qərarlar fonunda ABŞ-dan yardımların azalmasına görə narahat olduğunu deyib.
“İravunk” qəzeti yazır ki, hakim Mülki Müqavilə Partiyası təşkilatın bağlanma xəbərlərindən öz maraqları üçün istifadə etməyə çalışır. Belə ki, İrəvan hökuməti USAİD-in maliyyələşdirdiyi təşkilatlara öz alternativ proqramlarını təklif etməyə başlayıb.
Qeyd edək ki, Donald Trampın yaxın zamanda USİAD-ın fəaliyyətini qadağan edəcəyinə dair məlumatlar yayılıb.
Əliyar Xəlil
Globalinfo.az