“Bilirəm ki, bu açıqlamam çox səs-küy yaradacaq, amma deməliyəm: 44 günlük müharibədə məğlub olmağımızın səbəbi ordumuzda “5-ci kolon”un fəaliyyət göstərməsidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.
O, bəzi faktları nəzərə alaraq bu qənaətə gəldiyini iddia edib:
“Əgər bu müddəti diqqətlə nəzərdən keçirsəniz, mənimlə razılaşacaqsınız. Hesab edirəm ki, yaxın zamanlarda bununla bağlı faktlar üzə çıxacaq və mənim sözlərim heç kimə qəribə görünməyəcək”.
Erməni politoloq Suren Surenyants Paşinyanın müharibədəki məğlubiyyətin hüquqi məsuliyyətindən yayınmaq üçün bu fikirləri səsləndirdiyini bildirib:
“Bu, çox dəhşətli və təhlükəli bir fikirdir. Burada əsas məsələ diplomatik uğursuzluq nəticəsində Ermənistan ordusunun qeyri-bərabər döyüşlər aparmasıdır. Paşinyana görə, bu məsələdə ondan başqa hamı günahkardır. Əgər “5-ci kolon” ordu daxilində güclənirdisə, Paşinyan bunu görmürdü? Müharibədən bir ay əvvəl Tavuş ətrafındakı döyüşlərdə xain adlandırdığı ordunu vəsf edəndə də bundan xəbərsiz idi?”
Ayşən Mustafa
Globalinfo.az