Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin hazırlanması, eləcə də imzalanması istiqamətində gah Vaşinqton, gah da Brüssel formatı irəli sürülür. Son zamanlar isə vasitəçisiz danışıqlar təklifi gündəmə gəlir. “Erməni layihəsi” ictimai təşkilatının rəhbəri Sergey Melkonyan rəsmi Bakının bu formaya üstünlük verməsini Ermənistana təzyiq etməyin daha asan olması ilə əlaqələndirir.
Bəs reallıq necədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov qeyd edib ki, vasitəçilər əlavə şərhlərin ortaya çıxmasına səbəb olur:
“Münasibətlərin inkişafı üçün vasitəçisiz danışıqlara müraciət etmək lazımdır. Bununla bağlı rəsmi Bakının ortada dürüst və səmimi mövqeyi var. Azərbaycanın qalib tərəf kimi diktə etdiyi şərtlər fonunda və bu məsələni təşviq etməsi nəticəsində iki ölkənin xarici işlər nazirlərinin birbaşa telefon zəngləri oldu. Bir müddət sonra Azərbaycan və Ermənistan delimitasiya kommisiyalarının görüşləri baş tutdu. Üçüncü tərəf olmadan iki ölkənin birbaşa danışıqları nəticəsində birgə bəyanat yayıldı və qarşılıqlı əsir mübadiləsi həyata keçirildi. Bu, tərəflər arasında real sülh danışıqlarının gerçəkləşməsi üçün tarixi şansın yarandığını göstərir”.
Politoloqun fikrincə, Azərbaycan və Ermənistan prosesi irəli aparmaq istəyirsə, təkbaşına danışıqlar formatını qorumağı bacarmalıdır:
“Bununla bağlı ən böyük təhdid isə rəsmi İrəvan tərəfindədir. Belə ki həmin prosesdən yayınmaq xəttini tutublar.
Vasitəçisiz sülh mümkündür, lakin bunun üçün Ermənistanın verdiyi bəyanatlarla atdığı addımlar üst-üstə düşməlidir “.
Safura Bənnayeva
Globalinfo.az