abs azerbaycan 900x506 1 1

ABŞ və Azərbaycan arasında müşahidə soyuqluq davam edir. Bildirilir ki, seçkidən sonra yeni ABŞ administrasiyası Bakı ilə münasibətlərə yenidən baxmalı olacaq.

Donald Trampın seçiləcəyi təqdirdə Vaşinqton-Bakı münasibətlərində gərginliyin aradan qalxacağı proqnozlaşdırılır. ABŞ-ın Kamala Harris ilə yola davam edəcəyi halda isə münasibətlər yenidən qurulmalıdır.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, ABŞ Cənubi Qafqaza region olaraq baxır:

“Təcrübə göstərir ki, Bakı-Vaşinqton arasında münasibətlər pik həddə gərginləşsə də, tamamilə sıfırlanmayıb. Bu, Azərbaycanın regiondakı əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyindəki rolu və bir sıra amillərdən irəli gəlir. Bu baxımdan, münasibətlərin tamamilə yox olacağını demək olmaz, sadəcə çətin dövrlər olacaq, xüsusilə demokratların hakimiyyəti davam edərsə.

Hər şeydən əvvəl erməni diasporu/lobbisinin ABŞ siyasətində təsir gücü kiçildilməməlidir. Bəzən yekun nəticələrə təsir edə bilməsələr də, Vaşinqtonla Bakı arasında gərginliklər yarada bilərlər. Son olaraq, 60 qanunvericinin məlum müraciəti belə nümunələrdəndir. Bununla yanaşı, yeni geosiyasi şərtlərdən irəli gələn amillər də var.

Asif0nerimanli 3

Asif Nərmanlı

Birincisi, ABŞ-ın Avrasiya planında Azərbaycanın regional maraqlarının toqquşan məqamları var, xüsusilə nəqliyyat dəhlizləri məsələsində.

İkincisi, ABŞ-ın Cənubi Qafqazda Ermənistanı əsas platforma kimi seçdiyi görünür, bu isə Azərbaycan üçün qəbuledilməzdir, çünki bu, Ermənistanın güclənməsi və gələcəkdə revanşizmin körüklənməsi risklərini özündə saxlayır.

Bütün bunlarla yanaşı, geosiyasi mübarizənin sərtləşməsi diplomatik manevrləri azaldır ki, bu da rəsmi Bakıya təzyiqlərin artması ilə nəticələnir. Bu amilləri nəzərə alanda demokratların yeni administrasiyasının Azərbaycan siyasətinin “kökə və dəyənək” taktikasına uyğun olacağını deyə bilərik. Bir tərəfdən Bakı ilə münasibətləri saxlamağa çalışacaqlar, digər tərəfdən isə təzyiqləri artıracaqlar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: