Xəbər verdiyimiz kimi, xarici ölkələrin Azərbaycanda akkreditə olunan diplomatik korpus rəhbərlərinin Laçın, Şuşa və Ağdama səfəri baş tutub. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi baxımından diplomatik nümayəndəliklərin regionlara səfərləri xüsusi əhəmiyyət kəsb edir.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, dünyada gərginlik və dəyişikliklərin yaşandığı bir dönəmdə, Azərbaycan diplomatiyasının milli maraqlarımızı və regional reallıqları müxtəlif üsullarla beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirmək bacarığı təqdir olunmalı hadisədir:
“Diplomatiya — milli gücün beynidir. Hər bir ölkənin digər dövlətlərdə fəaliyyət göstərən diplomatik korpusu isə həmin ölkənin intellektual dairələri və siyasi qərarverici mərkəzləri ilə birbaşa əlaqə qurma vasitəsidir.
Bu baxımdan, Azərbaycanın akkreditə olunmuş diplomatik nümayəndələrinin xarici ölkələrdə intensivləşmiş səfərləri, təkcə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından deyil, eyni zamanda, ölkəmizin mövqelərinin və haqlı tələblərinin qəbul etdirilməsi istiqamətində mühüm addımdır.
Əgər 3–4 il öncə biz Ermənistanın törətdiyi vəhşilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün belə səfərlər təşkil edirdiksə, bu gün artıq məqsəd həm həmin barbarlıqları bir daha gündəmə gətirmək, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı quruculuq işlərini nümayiş etdirməkdir.
Xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycan tərəfindən belə bir təşəbbüs irəli sürüləndə, bəzi ölkələrin diplomatları həmin ərazilərə səfərdən imtina etdilər. Onların bu cür yanaşması, bir növ, həmin vaxtlar bəzi dairələr üçün Azərbaycan ərazilərinin hüquqi statusunun hələ də mübahisəli olaraq qəbul edildiyini göstərirdi.
Məhz bu kontekstdə aparılan bu cür diplomatik səfərlər olduqca vacib və dəyərlidir. Çünki bu səfərlər vasitəsilə beynəlxalq tərəfdaşlara Azərbaycanın ərazi bütövlüyü, postmünaqişə dövründə həyata keçirilən bərpa və inkişaf siyasəti, habelə regional sabitliyə verdiyi töhfə bir daha aydın şəkildə çatdırılır”.
Politoloq İlyas Hüseynov deyib ki, Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqların tanıdılması xüsusi əhəmiyyət daşıyır:
“Diplomatik korpusun nümayəndələrinin bölgəyə səfəri çox mühüm nəticələrə səbəb olacaq. Belə ki, diplomatlar ölkələrinə təqdim etdikləri hesabatlarda bölgədəki yeni reallıqlar barədə dəqiq təsəvvür formalaşdırırlar və bu da həmin ölkələrdə Azərbaycanla bağlı daha obyektiv mövqelərin formalaşmasına zəmin yaradır.
Bu səfərlərin digər vacib tərəfi isə ondan ibarətdir ki, Ermənistanın yaydığı yalan məlumatlar ifşa olunur. Onların bölgədəki vəziyyətlə bağlı təqdim etdiyi saxta informasiyalar təkzib edilir və həqiqətə əsaslanan təsəvvür formalaşdırılır.
Hesab edirəm ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə təşkil olunan bu səfər də olduqca uğurlu nəticələr verəcək.
Eyni zamanda bu səfərin marşrutu da olduqca simvolik və əhəmiyyətlidir. Çünki həm hava nəqliyyatı, həm də dəmir yolu bağlantıları vasitəsilə səfər reallaşdırıldı: Ağdam–Bakı dəmir yolu xətti, Laçın hava limanı və “Zəfər Yolu” marşrutu bu səfərdə istifadə edildi.
Bütün bu infrastruktur layihələri çox qısa müddət ərzində, zəfərin 5 illiyi ərəfəsində həyata keçirilib və bu, Azərbaycan dövlətinin siyasi iradəsi, iqtisadi gücü və hərbi potensialı sayəsində mümkün olub.
Düşünürəm ki, belə səfərlər mütəmadi təşkil olunmalı, ölkəmiz haqqında daha dəqiq və obyektiv informasiyalar toplanmalı və beynəlxalq ictimaiyyətə təqdim edilməlidir”.
Safura Bənnayeva
Globalinfo.az