Azyaşlıya təcavüz etdiyi deyilən məktəbli ilə bağlı qərar etiraz doğurdu

Xəbər verdiyimiz kimi, 6 nömrəli məktəb-liseydə ikinci sinif şagirdi 7-ci sinfin bir neçə şagirdi tərəfindən cinsi istismara məruz qalıb.

Hadisədən sonra pedaqoji şura iclas keçirib. Şagirdlərdən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Digər uşaqlarla da bağlı addımlar atılacağı bildirilib.

Həmin uşaqların başqa məktəbə keçirilməsi nə dərəcədə doğru addımdır?

Mövzunu Globalinfo.az-a şərh edən təhsil ekspert Kamran Əsədov deyib ki, əslində, şagirdi bu məktəbdən başqa məktəbə keçirmək heç də yaxşı hal deyil.

Onun sözlərinə görə, həmin uşağı məktəb mühitindən uzaqlaşdırıb, evdə təhsilə cəlb etmək daha optimal variant olardı:

Kamran Əsədov: '45 dəqiqə ərzində müəllim bu qədər şagirdə lazımi biliyi çatdıra bilməz'

Kamran Əsədov

“Məktəbin daxili nizam-intizam qaydasını kobud şəkildə pozan, tərbiyəsi, davranışları, digər “bacarıqları” ilə başqalarına pis nümunə olan şəxslər xüsusi internat məktəblərinə və ya evdə fərdi təhsilə cəlb edilməlidirlər. Çünki o uşağın gedəcəyi məktəbdə belə, onun haqqında fikirlər ümumi tədris prosesinin keyfiyyətinə öz mənfi təsirini göstərə bilər. Digər tərəfdən isə şagirdlərin yerdəyişməsi vaxtı bitib. Yəni hazırda elektron yerdəyişmə prosesi dayanıb. Ola bilsin, müstəsna hal kimi bunu edirlər, amma bir şagird bu məktəbdə belə hallar törədibsə, onun haqqında heç vaxt yaxşı fikir ola bilməz”.

Təhsil eksperti deyib ki, qeyri-etik hərəkətləri ilə məktəbdən çıxarılan uşağın gedəcəyi məktəbdə də uşaqlar onun kim olduğunu bilir:

“Bu da orada normal tədrisin gedişinə mane olacaq. Yaxşı olar ki, məktəbi dəyişmək yerinə, onlar fərdi və ya evdə təhsilə cəlb olunsunlar. Bu, heç də yaxşı hal deyil. Həmin uşaq öz davranışları ilə ciddi şəkildə tədris prosesini pozub. O, başqalarına yaxşı nümunə deyil və gedəcəyi məktəbdə də həmin hallar davam edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az