Azərbaycanlı kriminal dəstə başçısı üzr istədi – FOTO

Rusiyanın Belqorod vilayətində yoldan keçən şəxsləri təhqir edib döyməkdə ittiham olunan dəstənin başçısı olduğu iddia edilən azərbaycanlı gənc saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, işə baxan müstəntiq dəstənin milliyyətçilik məsələlərinə görə rusları təhqir etdiyini və bunu videoya çəkdiklərini bildirib.

Dəstə başçısı olduğu bildirilən 17 yaşlı azərbaycanlı gənc həbs edilib, digər şübhəlilərin axtarıldığı açıqlanıb.

Məsələ ilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin regional şöbəsinin məşğul olduğu qeyd edilib.

Gənclərin yoldan keçən kişiləri döyərək videoya çəkdikləri və görüntülərə musiqi əlavə edərək Teleqramda yayımladıqları deyilir.

Rusiya Federasiyasının İstintaq Komitəsi gənclərə etnik zəmində nifrət yaymaq əsası ilə cinayət işi açıb. Sosial şəbəkələrin Rusiya seqmentində dəstənin digər üzvlərinin də azərbaycanlı olduqları iddia edilib. Məlumata görə, onlardan üçü əvvəllər məhkum olmuş şəxslərdir.

Dəstə başçısı olduğu deyilən gəncin saxlanıldıqdan sonra səhvinə görə rus xalqından üzr istədiyi qeyd edilib.

Xatırladaq ki, bundan öncə Rusiyada 18 yaşlı azərbaycanlı bloger Tural Məmmədov da Sankt-Peterburq şəhərində bir qrup şəxslə birlikdə xuliqanlıq etməkdə ittiham olunaraq həbs edilib.

Əliyar Xəlil
Globalinfo.az