Azərbaycanlı yazıçı İsveçrədə üzv olduğu partiyadan istefa verdi

İsveçrədə yaşayan azərbaycanlı yazıçı Ələkbər Əliyev üzv olduğu partiyadan istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ə.Əliyev özü məlumat verib.

Azərbaycana haqsızlıq edib, Ermənistanı dəstəklədiyinə görə Sosialist Partiyasından istefa verdiyini açıqlayan Ələkbər Əliyev İsveçrənin Xalq Partiyasına keçib:

“10 ildir üzvü olduğum İsveçrənin Sosialist Partiyasından (SP) istefa verdiyimi və İsveçrənin Xalq Partiyasına keçdiyimi rəsmən bəyan edirəm.

10 ildir aktiv üzvü olduğum – iclaslarında, mitinqlərində iştirak etdiyim və indiyə qədər … İsveçrə frankı məbləğində üzvlük haqqı ödədiyim İsveçrənin Sosialist Partiyasından istefa verirəm, çünki SP, xüsusən, 2020-ci ildən etibarən anti-Azərbaycan və pro-Ermənistan mövqeyində sərhəd tanımır, Azərbaycan əleyhinə fəaliyyət yürüdür və Ermənistanı qeyd-şərtsiz dəstəkləyir.

Mən SP-yə üzv olanda bu partiya sırf Azərbaycan daxilində demokratiya, insan haqları, gender bərabərliyi kimi mövzularda bəyanatlar verir, Azərbaycan hökumətini tənqid edirdi ki, bunlarla mən də razılaşır və partiyanın xəttini dəstəkləyirdim. Bu gün isə, SP demokratiya və insan haqlarını əlində alətə çevirməklə, Azərbaycana haqsız hücumlar edir, erməni diasporasına boyun əyir, Qarabağ məsələsində qərəzli mövqe tutur.

Sosializm budursa, mənə belə sosializm lazım deyil. İsveçrənin ifrat sağ Xalq Partiyası indiyə qədər Azərbaycan əleyhinə bircə dəfə də bəyanat verməmiş, Ermənistanı Azərbaycana qarşı dəstəkləməmiş və Azərbaycanın İsveçrədəki biznesinə hücum etməmişdir.

SVP Azərbaycan-İsveçrə münasibətlərindən razıdır, praqmatikdir və səmimidir. Ona görə də mən SVP-ni seçirəm və bundan sonra aktiv SVP üzvü kimi fəaliyyət göstərəcəyəm”.