Azərbaycan üçün dəhşətli itki – “Müsbət məqamlar var…”

Bəzi həkimlərin Avropanın müxtəlif ölkələrinə köçüb fəaliyyətlərini davam etdirmələri birmənalı qarşılanmır. Bu qədər həkimin ölkəni tərk etməsini yerli səhiyyə üçün ciddi itki kimi qiymətləndirirlər. Burada müsbət məqam odur ki, savadlı, intellektual azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşayıb işləyirlər. Beləcə dünyanın müxtəlif yerlərində Azərbaycan haqda qərəzli kampaniya başladılanda həmin şəxslər milli maraqlarımızın müdafiəsində yer ala bilərlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan professor Adil Qeybulla deyib ki, bizim xaricdə güclü diasporumuzun olması olduqca vacibdir:

“Çünki millət və dövlət olaraq ona ehtiyacımız var. Arzu edərdik ki, diasporların fəaliyyəti dövlət maraqlarına xidmət etsin. Ona görə ki, ermənilərin dünyada bu şəkildə fəallaşması həm də onların diapor gücünə bağlıdır. Diasporu güclü olan ölkələr dünyada xeyli müdafiəli görünürlər. Azərbaycanın müstəqilliyini yeni əldə etmiş bir ölkə kimi diasporu xeyli zəifdir. Amma biz bu işi yavaş-yavaş möhkəmləndirməliyik”.

A.Qeybullanın fikrincə, xaricə gedən həkimlər əslində, həmin ölkədə vətənin, dövlətin maraqlarını əsas tutmalı, bu istiqamətdə fəaliyyət göstərməli və çalışmalıdırlar:

“Əlbəttə ki, diasporun qısa müddətdə formalaşması mümkün deyil, bunun üçün zaman lazımdır. Amma istənilən halda bununla bağlı milli proqram olmalıdır ki, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətini bu istiqamətə yönəldə bilsin. İlkin addımlar atılır, müəyyən işlər, tədbirlər keçirilir, amma hesab edirəm ki, bu işi intensivləşdirmək lazımdır. Xaricə gedən həkimlərin, ziyalıların orada fəaliyyəti Azərbaycan üçün çox önəmlidir”.

Zaira Akifqızı
Globalinfo.az