“Azərbaycanın bir yolu var – hərbi əməliyyatlara başlamaq”

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Qarabağda növbəti hərbi əməliyyatlar keçirməsindən narahatdır. Türk hərbi kontingenti Laçın dəhlizində post qurmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Məhəmməd Əsədullazədə deyib.

Onun sözlərinə görə, Rusiya Ruben Vardanyanı Qarabağa göndərməklə Azərbaycana təzyiq etməyə və sülhməramlı kontingentinin qalıcılığını qorumağa çalışır:

“Rusiya 10 noyabr bəyanatına və 22 fevral 2022-ci il Moskva bəyannaməsinə zidd olaraq Qarabağda silahlı separatizmi körükləyir, silahlı erməni birləşmələrinin logistikasını təmin edir. Belə olan təqdirdə Azərbaycan Moskva bəyannaməsindən çıxmalıdır. Rusiya öz imzasına hörmət etməyən dövlətdir və Azərbaycana qarşı Qarabağda çirkli oyun hazırlayıb”.

Politoloq bildirib ki, Ruben Vardanyan gələn il Xankəndidə separatçıların rəhbərliyinə gətiriləcək və bundan sonra Rusiya buradakı ermənilərə pasport paylaya bilər:

“Qeyd edim ki, Rusiya Donbasda münaqişəli ərazilərdən qaçqın düşmüş rusları Qarabağa gətirərək qondarma “rus icması”nın sayını artıracaq. Rusiya “rus icması”na pasport paylamaqla “öz vətəndaşlarını” qorumaq adı ilə Azərbaycanın hərbi əməliyyatlarına mane olacaq”.

M.Əsədullazədə deyib ki, Rusiya Qarabağı nə Ermənistana, nə də Azərbaycana güzəştə getməyi planlayır:

“Birbaşa Moskvaya tabe edərək iki ölkə arasında düşmənçiliyi davam etdirib, sülhün əldə edilməsinə mane olacaq. Məhz Ruben Vardanyanı ona görə Qarabağa göndərib. Artıq silahlı erməni briləşmələri mütəmadi olaraq Şuşanı, Füzulini, Ağdamı atəşə tutur. Bu, Azərbaycanın həmin ərazilərdə məskunlaşmasına mane olmaq və təhlükəsizliyin təmin edilmədiyini göstərməkdir. Rusiya Azərbaycanın məskunlaşma siyasətinə qarşı əməlli başlı dirəniş göstərir. Azərbaycanın bir yolu var – hərbi əməliyyatlara başlamaq”.

 

Politoloq bildirib ki, ümumiyyətlə, Rusiya ilə danışıqlar aparmaq mənasızıdır: “Ukrayanada məğlub olan Rusiya Qarabağda möhkəmlənəcək. Rusiya Cənubi Qafqazı əldən buraxmayacaq. Rusiyanın təxribatlarına qarşı Azərbaycan Türkiyə ilə birgə silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlamalı, Türk ordusu Laçın dəhlizində post qurmalıdır. Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyənin buna hüququ var. Rusiya hər gün Qarabağda möhkəmlənir və buranın Azərbaycanın idarəçiliyinə keçməməsi üçün bütün ssenariləri hazırlayır.

Putin bir həftədə prezident İlham Əliyevə iki dəfə zəng edib. Telefon danışıqlarında Soçi Bəyannaməsi və əldə olunan razılaşmaların yerinə yetirilməsi müzakirə edilib. İlk növbədə V. Putin özü şəxsən razılaşmaların yerinə yetirilməsinə imkan vermir.

Azərbaycan artıq Rusiyanın bu davranışlarından narahatdır. Rəsmi Bakı Türkiyənin Rusiyaya məlumat vermədən keçirdiyi əməliyyatları Qarabağda  keçirməlidir. Cənab Ərdoğan “Rusiya razılaşmalara əməl etmir, niyə onlarla məsləhətləşirik”- deyimini biz də Qarabağda tətbiq etməliyik. Putin güvənsiz, etibarsız və öz imzasına hörmət etməyən, qonşularına qarşı düşmən siyasəti aparan prezidentdir”.

Zaira Akifqızı
Globalinfo.az