“Azərbaycanda təxribat törətmək üçün plan cızılıb, ayıq olmalıyıq” – Hafiz Hacıyev

“Korrupsioner məmurlar dövləti hər an satmağa hazırdırlar ki, hədəfdən yayınsınlar və onu yenə talan etsinlər. Onların bir gün hakimiyyətdə qalması milyonlarla ölçülür. Ancaq cənab Prezident qarşıya məqsəd qoyub, korrupsiyaya qarşı ciddi mübarizə aparır. Düşünmürəm ki, cənab Prezident bu cür başını qatanlara qarşı mübarizə aparmasın, hər şeyi bilirlər”.

Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Globalinfo.az-a açıqlamasında deyib.

H.Hacıyev qeyd edib ki, dövlətimizə qarşı xarici təhdidlər artıb:

“Bizi qarşıda çox çətin günlər gözləyir. Hələ Qarabağ problemimiz var. Rusiya üzümüzə gülür, arxadan zərbə vurur. İran görürsünüz başımıza nə oyunlar açır. İmkan verməməliyik ki, içimizdə olan satqınlar, rüşvətxorlar Azərbaycan dövlətinə zərbə vursun. Onlar ölkədə qarışıqlıq yaratmaq üçün hər vasitəyə əl atacaqlar. Çalışırlar ki, Qarabağda yenidən müharibə qızışsın, cənab Prezident başladığı islahatları axıradək aparmasın. Hər gün dövlətimizə zərbə vuran bu şəxslər üçün vətən anlayışı yoxdur və dollar hər şeydən əzizdir.

Azərbaycan daxilində böyük gərginlik yaratmaq üçün plan cızıblar. Düşünürəm ki, mart-aprel aylarında Azərbaycanda təxribatlar törətmək üçün bütün qüvvələri işə salacaqlar. Hər halda ayıq olmalıyıq. Müasir Müsavat Partiyası olaraq imkan verməyəcəyik ki, bu cür dəllallar, bizneslə xalqın sərvətini dağıdan insanlar Azərbaycanda siyasi sabitliyi pozsunlar”.

Gülnar Səlimova
Globalinfo.az