et sud

Heyvandarlıq da Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Xüsusilə iribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və özünütəminetmə səviyyəsinin artırılması əsas hədəflər kimi müəyyən olunub.

Globalinfo.az xəbər verir ki, bunu bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu rayonu üzrə regional müşavirədə deyib.

    O bildirib ki, 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faiz artırılması hədəflənir. Cins heyvanların sürüdə payının 10 faizə çatdırılması nəzərdə tutulur. Süd idxalının 49,6 faiz, mal əti idxalının isə 40,2 faiz azaldılması qarşıya məqsəd qoyulur. Özünütəminetmə səviyyəsində də süd üzrə 8,5 faiz, mal əti üzrə 11,5 faiz artım nəzərdə tutulur:

    “Bu hədəflərə çatmaq üçün südlük və ətlik klasterlərin yaradılması, klaster daxilində müxtəlif tutuma malik 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması və bu təsərrüfatların cins damazlıq heyvanlarla təmin edilməsinin dəstəklənməsi nəzərdə tutulur.

    Bundan əlavə, 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılması dəstəklənəcək. Bu, heyvandarlıqda yalnız istehsalın deyil, eyni zamanda tədarük, emal və satış zəncirinin də qurulmasına xidmət edir.

    İribuynuzlu bütün heyvanların identifikasiyasının aparılması da mühüm tədbirdir. Heyvanların identifikasiyası xəstəliklərə nəzarət, damazlıq işinin təşkili, məhsuldarlığın izlənməsi və subsidiyaların şəffaf tətbiqi baxımından vacibdir.

    Yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması da bu sahədə əsas şərtlərdən biridir. Heyvandarlıqda məhsuldarlıq yalnız heyvanın cinsindən asılı deyil. Yem bazası zəifdirsə, ən yaxşı cins heyvandan da yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Ona görə də yemçilik, su təminatı, baytarlıq xidməti və təsərrüfat idarəçiliyi birlikdə inkişaf etməlidir.

    Bu sahədə damazlıq heyvan subsidiyasının və heyvandarlıqda məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu dəstəklər fermerləri daha məhsuldar heyvanlara keçməyə, süd və ət istehsalını artırmağa, təsərrüfatlarını daha intensiv modelə keçirməyə təşviq edəcək”.

    İlhamə Qədimova onu da əlavə edib ki, 2030-cu ilə qədər qoyun əti istehsalının 9 faiz artırılması, heyvanların sayının 10 faiz yüksəldilməsi, ixracın 2,9 min tona çatdırılması və özünütəminetmə səviyyəsinin 7 faiz artırılması nəzərdə tutulur:

    “Bu istiqamətdə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. Bu, ənənəvi qoyunçuluqdan daha məhsuldar və daha idarəolunan modelə keçid deməkdir.

    Eyni zamanda 10 yun toplama məntəqəsi və 1 yun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu, qoyunçuluqda əlavə dəyərin formalaşdırılması baxımından çox vacibdir. Biz yalnız ət istehsalını deyil, yun, dəri və digər yan məhsulların da iqtisadi dövriyyəyə cəlb olunmasını təmin etməliyik.

    Yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması qoyunçuluq üçün də əsas məsələdir. Bundan başqa, 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur. Otlaqların bərpası heyvandarlığın davamlılığı üçün zəruridir. Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür.

    Heyvanlar üçün içməli su təminatının yaxşılaşdırılması məqsədilə 100 subartezian quyusunun qazılmasının dəstəklənməsi də nəzərdə tutulur. Bu, xüsusilə yaylaq-qışlaq sistemi, yarımintensiv təsərrüfatlar və su çatışmazlığı olan ərazilər üçün mühüm dəstəkdir.

    Qoyunçuluq sahəsində xarici investisiyaların cəlb edilməsi üçün aqroparkın yaradılması da nəzərdə tutulur. Bu, sektorun müasir idarəetmə, texnologiya və bazar imkanları ilə inkişafına töhfə verə bilər.

    Bu Dövlət Proqramının uğurlu icrası üçün bütün tərəflərin üzərinə ciddi vəzifələr düşür. Sahibkarlar və özəl sektor da bu prosesdə daha fəal olmalıdır. Silo, soyuducu anbar, emal müəssisələri, süd toplama məntəqələri, yun toplama və emal infrastrukturu, intensiv bağçılıq və heyvandarlıq təsərrüfatları üzrə investisiya imkanları genişdir. Dövlət dəstək mexanizmləri bu investisiyaların həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

    Nəticə etibarilə, 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu proqramın əsas mahiyyəti ondan ibarətdir ki, biz daha çox torpaqdan istifadə etməklə deyil, mövcud torpaqdan daha səmərəli istifadə etməklə məhsuldarlığı artırmalıyıq.

    Regionun torpaq, su, insan kapitalı və istehsal ənənələri böyük potensial yaradır. Əsas məsələ bu potensialı düzgün təşkilatçılıq, dövlət dəstəyi, fermer məsuliyyəti və özəl sektor investisiyası ilə real nəticəyə çevirməkdir.

    Qeyd edilən istiqamətlərdə birgə fəaliyyətimizin əhəmiyyəti yüksəkdir və Kənd Təsərrüfatı Nazirliyi olaraq mütəmadi olaraq tərəflərlə görüşlərimiz, məlumat mübadiləmiz, problemlərin həlli istiqamətində tədbirlərimiz davam edəcək”.

    Paylaş: