Azərbaycanda pulsuz taksilər fəaliyyətə başlayacaq? – Açıqlama

Dünyanın müxtəlif ölkələrində turizm sektorunu inkişaf etdirmək üçün fərqli-fərqli addımlar atılır. Bu qəbildən edilən yeniliklərdən biri də avtonom (sürücüsüz) taksilərin fəaliyyətə başlaması və bir müddət pulsuz xidmət göstərməsidir.

Maraqlıdır, turizmin inkişafı üçün yaxın gələcəkdə avtonom taksilərin Azərbaycanda fəaliyyətinin təşkili mümkündürmü?

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Eldəniz Cəfərov belə bir proqramın Azərbaycanda reallaşdırılmasını çətin olduğunu deyib:

“Bu gün ölkəmizdə, xüsusən də Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərimizdə taksi fəaliyyəti əsasən xarici transmilli şirkətlərin fəaliyyəti əsasında qurulub. Onların belə bir xidmətə təşəbbüs göstərəcəyini düşünmürəm”.

Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə deyib ki, turizmin inkişafında süni intellektin böyük rolu olacaq:

“Beynəlxalq ekspertlər də qeyd edirdilər ki, yaxın 10 ildə turizm sektoru stabil şərtlərdə daha da böyüyəcək. Xüsusən 5 faiz üzərində bir artım gözlənilir və gələcəkdə məhz yeni texnologiyaların tətbiqi bu trendlərdən biri olacaq. Əlbəttə ki, turizmdə hərəkətliliyi artıran, turistlər üçün fəaliyyəti, seçimi asanlaşdıran, eyni zamanda insanların işlərini rahatladan texnologiyaların tətbiqi öz sözünü deyəcək. Bu kimi layihələrin üzərində ABŞ, Avropada da işlər gedir.

Bir sözlə, gələcəkdə sürücüsüz taksilərin nəqliyyat xidmətlərinin istifadəsi mümkündür. Bəlkə də, illər əvvəl belə bir söz deyilsəydi, utopik səslənərdi. Lakin artıq süni intellektin qatqısı ilə insanlar sürücüsü olmayan avtomobillərdən də istifadə edə bilirlər”.

Ekspert deyib ki, Avropa, ABŞ, Çin və Yaponiyada artıq qida daşımalarında xüsusi robotlardan istifadə edilir:

“Bildiyimiz kimi, robotların fəaliyyətindən istifadə olunmağa başlanılır. Onlar tamamilə süni intellektlə təhciz olunub və hər hansı qidanın sifarişçiyə çatdırılması ilə bağlı xəritədə uyğun ünvanı tapıb yola düşürlər. Bu kimi nəqliyyat vasitələri gələcəkdə A nöqtəsindən B nöqtəsinə getməkdə insanlara çox faydalı ola bilər.

İstənilən halda turizm sahəsində xərclərin azalması, yeni xidmətlərin dövriyyədə olması insanların fəaliyyətini, turist kimi daha çox səyahət etmələrini, xidmət almalarını stimullaşdırır. Bunlar əvvəlcə pilot layihə kimi ödənişsiz olsa, əlbəttə ki, daha yaxşı olar”.

C.Aşurovun sözlərinə görə, dünyadakı yeniliklər qısa müddət ərzində Azərbaycana da gəlir:

“Çünki Azərbaycan dünyaya internetlə açıq olan ölkədir, qapalı sistemdə deyil və bütün yenilikləri yaxından təqib etmək imkanları var. Onunla bağlı Azərbaycanda da maraq göstərən insanlar kifayət qədərdir. Yenilikləri tətbiq etməyə çalışan insanlar yetərincədir. Ona görə ki nəticədə bu da bir biznesdir və yenilikçilər hər zaman daha çox kommersiya əldə edə bilirlər. Düşünürəm ki, dünyadakı ciddi yeniliklər mütləq Azərbaycanda da tətbiq ediləcək”.

Zaira Akifqızı
Globalinfo.az