Azərbaycanda neçə dollar milyonçusu var? – Mühüm qərar verilə bilər

“Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2025-ci il dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair məlumatı açıqlayıb. Belə ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667.6 milyon manat proqnozlaşdırılır. Gələn il üçün dövlət büdcəsinin kəsiri 3 milyard 51.6 milyon manat proqnozlaşdırılır”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında ekspert Elvin Baxşalızadə deyib.

Onun sözlərinə görə, 2025-ci il dövlət büdcəsinin əsas gəlir mənbələrinə nəzər saldıqda Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların büdcədə ən böyük paya sahib olduğu diqqət çəkir:

“Bu, son illərin dəyişməz göstəricisidir. 2025-ci il dövlət büdcəsi gəlirlərinin 42.3 faizini və ya 15 milyard 500 milyon manatını Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar təşkil edəcək. Qeyd olunan daxilolmaların 75.3 faizi qeyri-neft sektorunun, 24.7 faizi isə neft sektorunun payına düşür.

Vergilər sahəsində xüsusilə 2019-cu ildən etibarən görülən işlər, Prezident İlham Əliyevin bu sahədəki islahatları öz diqqətində saxlaması yığımların bu səviyyəyə gəlib çatmasına şərait yaradıb. Dövlət başçısının müvafiq tapşırıqlarından sonra, 2019-cu ildən başlayaraq vergi sistemində ciddi dəyişikliklər baş verib, yeni yanaşmalar tətbiq olunub və “kölgə iqtisadiyyatının” miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Dövlət-biznes münasibətlərində yeni transformasiyanın əsası qoyulub. Yumşaq vergi nəzarəti, yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin “kölgə”dən çıxmasına ciddi təkan verib. Görülmüş işlər qısa müddət ərzində öz nəticəsini verməyə başladı. Belə ki, 2019-cu ildə qeyri-neft sektoru vergi yığımlarında 109 faizlik nəticəyə nail olunub. Növbəti illərdə isə ölkə üzrə ümumi vergi yığımlarında kəskin artım müşahidə olunmağa başlandı. Son dörd ilin göstəricilərinə nəzər salaq. İllik göstəricidə ölkə üzrə ümumi vergi yığımları:

2020-ci il – 7.4 milyard manat

2021-ci il – 8.5 milyard manat

2022-ci il – 15 milyard 543 milyon manat

2023-cü il – 16 milyard 126 milyon manat

Göründüyü kimi, ölkə olaraq son 4 ildə vergi yığımlarında kəskin artma, iqtisadiyyatda böyük ölçüdə “ağarmaya” nail olmuşuq”.

Elvin Baxşalızadə

E.Baxşalızadə qeyd edib ki, əldə olunan nəticələr sevindirici olsa da, bu sahədə görüləsi işlər hələ də mövcuddur:

“Xüsusilə şəffaflaşma,”ağarma” ilə bağlı tədbirlərin davamı bu sahədə görüləcək işlər sırasındadır. Məsələn, təklif edərdim ki, Azərbaycanda dollar milyonçularının qeydiyyatı və vergiyə cəlb olunması yönündə işlərə başlanılsın. Əgəz biz ölkə miqyasında ədalətli vergi yığımı, şəffaflaşmadan danışırıqsa, onda dollar milyonçularının qeydiyyatı və vergiyə cəlbi məsələsi də öz həllini tapmalıdır. Bu məsələnin həlli ilə bağlı bir neçə ölkənin uğurlu təcrübəsinə nəzər salmaq, həmin nümunələrdən istifadə etmək olar. Hazırda ölkədəki dollar milyonçularının sayı ilə bağlı dəqiq məlumat yoxdur. 2017-ci ildə beynəlxalq mətbuatda gedən bəzi məlumatlarda həmin dövr üçün Azərbaycanda 6 mindən çox dollar milyonçusunun olduğu qeyd edilirdi. 2017-ci ildən sonrakı iqtisadi böyüməni, biznes mühitinin yaxşılaşmasını nəzərə alsaq, hazırda ölkədə 10 min civarında dollar milyonçusunun olduğunu təxmin edirəm. Bu təbəqənin vergiyə cəlbi həm dövlət büdcəsinə ciddi töhfə verər, həm də ölkədə sosial ədalətin bərpa olunması yönündə uğurlu nümunə olar”.

Safura Bənnayeva
Globalinfo.az