Saxta iddiadır, buna dair foto var? – Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda 3 mindən çox “Vaqner” döyüşçüsünün olmasına və Kremlin İrəvanda çevrilişə hazırlaşmasına dair iddialara cavab verib. 

Globalinfo.az xəbər verir ki, Rusiya XİN sözçüsü bu məlumatları “saxta” və “mif” adlandırıb.

“Bu iddiaya dair hər hansı foto var? İnformasiya təsdiqini tapıb? 3 min rəqəmi haradan gəlir? Bununla bağlı hansı faktlar var? Regionla necə əlaqədədirlər? Bu qədər insanla danışıblarsa, niyə görünmürlər? Ermənistan 3 milyard əhalisi olan bir ölkə deyil ki, o qədər insanın fərqinə varılmasın. Bu söhbət sadəcə mifologiyadır. Kremlin Ermənistanda hər hansı hakimiyyət çevrilişinə hazırlaşdığına dair iddialar axmaqlıqdır”.

Qeyd edək ki, bir müddət öncə erməni Teleqram kanallarında yayılan məlumatlarda Yevgeni Priqojin öldükdən sonra İrəvanda 3 min “Vaqner” döyüşçüsünün qaldığı və bu sayın daha sonra artdığı, Kremlin Ermənistanda hakimiyyət çevrilişinə hazırlaşdığı, Paşinyanın devrilməsi üçün Moskvadan göstərişin verildiyi iddia edilib.

Ayşən Mustafa
Globalinfo.az