Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni sanksiyalarına görə İran aviaşirkətlərinin Azərbaycana reysləri sentyabrın 22-dən etibarən dayandırılıb. Digər tərəfdən, Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlar üçün quru sərhədindən keçidin təmin ediləcəyini bildirib.
İranla uçuşların dayandırılması bu ölkəyə, həmçinin Bakı-Tehran münasibətlərinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu proses ilk baxışdan Bakı-Tehran münasibətlərində yeni siyasi gərginlik təsiri yaratsa da, hazırkı rəsmi məlumatlar bunun ikitərəfli siyasi qərar olmadığını göstərir:
“Dövlət Mülki Aviasiya Agentliyinin açıqlamasına görə, İran aviaşirkətlərinin Azərbaycana reysləri sentyabrın 22-dən ABŞ-ın İranın aviasiya sektoruna tətbiq etdiyi yeni sanksiyalarla əlaqədar müvəqqəti dayandırılıb. Üstəlik, məsələ yalnız Azərbaycanla məhdudlaşmır. İran Mülki Aviasiya Təşkilatı Oman hava limanlarının da İran reyslərinə xidmət göstərməyəcəyini açıqlayıb. Yəni prosesin əsas səbəbini Bakı-Tehran siyasi münasibətlərindən daha çox ABŞ sanksiyalarının üçüncü ölkələrin aviasiya və xidmət sektorlarına yaratdığı hüquqi, maliyyə risklərində axtarmaq lazımdır”.
Züriyə Qarayeva
Politoloq bildirib ki, bununla yanaşı, məsələ siyasi həssaslıq da daşıyır:
“Tehran Bakının qərarını özünə qarşı siyasi addım kimi şərh edərsə, müəyyən diplomatik narazılıq yarana bilər. Ancaq indiki mərhələdə bunu Azərbaycan-İran münasibətlərində yeni böhranın başlanğıcı kimi qiymətləndirmək üçün faktiki əsas yoxdur. Əksinə, Bakı qərarın sanksiya rejimindən irəli gəldiyini açıq şəkildə göstərməklə məsələnin siyasi yox, hüquqi və texniki xarakterini önə çıxarır. Ona görə də münasibətlərin hansı istiqamətdə gedəcəyini reyslərin dayandırılmasından daha çox, Tehranın buna verəcəyi rəsmi reaksiya və tərəflərin diplomatik kanallarla problemi necə idarə edəcəyi müəyyənləşdirəcək”.
Ləman İmran
Globalinfo.az