Azərbaycanda ən çox və ən az pensiya alan kimlərdir? – Rəsmi CAVAB

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. Əvvəllər bu rəqəm 240 manat idi.

Həmçinin, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, həm yaşa görə, həm də ümumi pensiyaların 400 manatın üzərində olması planlaşdırılır. Yaşa görə pensiyanı 450 manat ətrafında, ümumi pensiyanı isə 400 manat planlaşdırılır.

Bəs Azərbaycanda ən çox və ən az pensiya alan kimlərdir?

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sığortaolunanın pensiyasının məbləği onun pensiya hüququ qazandığı və ondan sonrakı dövr üzrə işlədiyi müddət ərzində fərdi hesabında toplanmış pensiya kapitalına əsasən formalaşır:

“Yəni sığortaolunanın fərdi hesabında toplanmış pensiya kapitalı (ödənilən məcburi dövlət sosial sığorta haqlarının cəmi) nə qədər yüksək olarsa, onun pensiya məbləği də bir o qədər yüksək olar”.

Bildirilib ki, həmçinin sığortaolunanın daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə pensiya hüququnun yarandığı tarixə Prezidentin 12 sentyabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydalarına uyğun olaraq əlavə vəsait ödəməklə daha yuxarı məbləğdə pensiya təminatı hüququ əldə edə bilər.

Gülnar Səlimova
Globalinfo.az