Ötən gün müğənni Tacir Şahmalıoğlunun sosial şəbəkələrdə ölüm xəbəri yayılıb. İfaçı mediaya açıqlamasında məlumatın həqiqətə uyğun olmadığını və hazırda özünü yaxşı hiss etdiyini bildirib. Zaman-zaman sosial şəbəkələrdə bir çox məşhurun ölüm xəbəri yayılır, daha sonra isə məlumatın yalan olduğu məlum olur.
Maraqlıdır, bir şəxsin ölüm xəbəri yalan olduğu halda onun haqqında belə məlumat yaymaq hüquqi məsuliyyət yaradırmı? Xüsusilə məşhur şəxslərlə bağlı saxta ölüm xəbərləri yayan şəxslər məhkəməyə verilə bilərmi?
Globalinfo.az-a danışan vəkil Fuad Məmmədov deyib ki, şəxsin sağ olduğu halda onun vəfat etməsi barədə bilə-bilə yalan məlumat yayılması müəyyən hallarda həm mülki, həm də cinayət məsuliyyəti yarada bilər:
“Tacir Şahmalıoğlu ilə bağlı yayılan məlumat da belə hallara nümunədir. Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtanla bağlı məsuliyyət nəzərdə tutulur. Maddəyə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatın yalan olduğunu bilə-bilə mediada, internet informasiya ehtiyatında yayılması cinayət məsuliyyətinə səbəb olur”.
Fuad Məmmədov
Vəkil bildirib ki, burada əsas məsələ məlumatı yayan şəxsin həmin xəbərin yalan olduğunu bilməsidir:
“Yəni şəxs Tacir Şahmalıoğlunun sağ olduğunu bildiyi halda onun vəfat etməsi barədə yalan məlumatı bilərəkdən yayarsa, bu, cinayət məsuliyyəti yaradır. Bundan əlavə, mülki məsuliyyət də yaranır. Şəxs şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 23-cü maddəsinə əsasən, şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsini, həmçinin həmin məlumatların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb edə bilər”.
Qeyd edək ki, bundan əvvəl Pünhan Piriyev, Zahidə Günəş, Eyyub Yaqubov və Rəmiş kimi müğənnilərin də ölüm xəbərləri yayılıb, daha sonra məlumatların həqiqətə uyğun olmadığı açıqlanıb.
Müğənni Pünhan Piriyev – 2026-cı ilin iyulunda sosial şəbəkələrdə ölüm xəbəri yayıldı, müğənni özü bunun yalan olduğunu açıqladı.
Müğənni Zahidə Günəş – 2025-ci ilin sonunda ölüm xəbəri yayıldı; müğənni həmin vaxt evdə olduğunu və xəbərin ailəsinə ciddi təsir etdiyini bildirib.
Müğənni Eyyub Yaqubov – 2013-cü ildə ölüm xəbəri yayıldı, prodüseri məlumatı təkzib edərək onun sağ olduğunu bildirdi.
Gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) – 2021-ci ildə sosial şəbəkələrdə ölüm xəbəri yayıldı, həyat yoldaşı xəbərin yalan olduğunu açıqladı.
Müğənni Əli Mirəliyev – ölüm xəbəri yayılıb, özü təkzib edib və hətta “hər ay məni öldürürlər” deyib.
“Faytonçu” Nazim – 2017-ci ildə ölüm xəbəri yayılıb, yaxınları və özü xəbərin yalan olduğunu açıqlayıb.
Müğənni İlhamə Quliyeva – 2013-cü ildə ölüm xəbəri yayılıb, sənətçi özü sağ olduğunu bildirib.
Həmçinin Xalq artisti Flora Kərimovanın da 2023-cü ildə ölüm xəbəri yayılmış, qızı onun sağ olduğunu bildirmişdi.
Ləman İmran
Globalinfo.az