Ötən il Azərbaycan xarici siyasətində önəmli məsələlərdən biri İran ilə münasibətlərdə yaşanan gərginliklərlə bağlı idi.
İlin son aylarında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə bir neçə dəfə görüş keçirib. Lakin bu təmaslar iki ölkə arasında yaranmış gərginliyi aradan qaldırmır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Globalinfo.az-a mövzunu şərh edərkən bildirib ki, İranla Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti Bakının arzu etmədiyi və səbəb olmadığı durumdur:
“Məsələ ondadır ki, son iki ildə İranın bir çox yüksək səviyyəli rəsmiləri iki ölkə arasında gərginlik yaratmaq üçün əllərindən gələni etdilər. Azərbaycan tarixi zəfərinin sevincini Arazın sahilindən İran xalqı ilə bölüşdü, bu ölkə ilə sərhədləri dost sərhədi adlandırdı. Ancaq təəssüf ki, İran bu müsbət addıma adekvat cavab vermədi. Tam əksinə, 44 günlük müharibə dövründə olduğu kimi ondan sonra da erməni terrorçularına hər cür iqtisadi, hərbi və siyasi dəstək verməkdə davam etdi. Ən sonda isə Qafanda, yəni Qərbi Zəngəzurda konsulluq açmaqla, Qarabağdakı erməni terrorçularına, məscidlərdə donuz saxlayanlara silah-sursat və təlimatçılar göndərməklə özünü terrorçularla, islam dinini təhqir edənlərlə eyniləşdirdi. Nəticədə həm özünün mömin vətəndaşları içərisində, həm də Azərbaycan ictimai rəyində nüfuzdan düşdü. Belə olan halda nə İran səfirinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşü, nə də iki ölkənin xarici işlər nazirləri arasında son günlərdə baş tutan telefon danışıqları gərginliyi aradan qaldıra bilmədi”.
Hikmət Babaoğlu
Deputat qeyd edib ki, Azərbaycan heç bir qonşusu ilə gərginlik istəmir. Bu bizim xarici siyasət strategiyamızda ümumiyyətlə yoxdur:
“Əgər İran Azərbaycanla doğrudan da münasibətlərin yaxşılaşmasını istəyirsə, hər şeydən öncə bu istiqamətdə real addımlar atmalıdır. Erməni terrorçularına və Ermənistana göstərdiyi gizli və açıq dəstəyə son verməlidir. Regionda kommunikasiyaların açılmasına qarşı çıxmamalı, əksinə, Zəngəzur dəhlizinin açılması üçün aqressiv Ermənistana təzyiq göstərməlidir. Özünün xarici və daxili siyasətində orda yaşayan 30 milyondan çox soydaşımızın mənafeyini, istəklərini nəzərə almalıdır. Azərbaycanla şəffaf, səmimi və açıq münasibətlər qurmalıdır”.
Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu isə saytımıza bildirib ki, hazırda İran-Azərbaycan münasibətləri çox həssas bir dönəmdən keçir:
“Təəssüf ki, müstəqilliyimizin ilk günlərindən İran davamlı olaraq Azərbaycan əleyhinə bəzən kəskin, bəzən isə üstüörtülü və ya kimlərinsə dili ilə bəyanatlar səsləndirib. Qarabağ zəfərindən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bu zaman İran artıq açıq şəkildə mövqeyini ortaya qoymuş oldu və əyalət mollalarının dili ilə təhdidlə danışmağa başladı.
Siyasətdə mütləq düşmən və mütləq dost deyə bir şey yoxdur. Burada söhbət qarşılıqlı maraqların bir-birini üstələməsindən gedir. Hazırda İran daxili ciddi çaxnaşmalarla üz-üzədir. Radikallaşan İran daxildəki problemləri həll etmək əvəzinə Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Bunu İran rəsmiləri belə utanmadan dilə gətirir”.
Rufiz Hafizoğlu
Politoloq deyib ki, Azərbaycan İranla konfliktə getmək istəsəydi, dövlət rəsmiləri İran səfiri ilə görüş keçirməzdi, əlaqələr kəsilər və ya daha sərt bəyanatlar səslənərdi:
“Azərbaycanın xarici siyasəti dialoq və əməkdaşlıq üzərində qurulub. Hörmətli Hikmət Hacıyev artıq İran səfiri ilə ikinci dəfədir görüşür. Lakin İranda, xüsusən Prezident İbrahim Rəisiyə yaxın qüvvələr və SEPAH-çı qüvvələr əlaqələrin korlanmasında maraqlıdırlar. SEPAH iki il əvvəl yayımladığı videoda deyilirdi ki: “Qüdsə gedən yol Bakıdan keçir”. Amma etiraf edək ki, İslam inqilabından bu günə o yol ən azı beş-altı dəfə dəyişilib, gah Bağdad, gah da Suriya və ya Bəhreyndən keçib. İranın müsəlman dövlətə qarşı bu cür düşmən mövqe sərgiləməsi yaxşı bir şey deyil.
İranın genişlənmə siyasəti 1990-cı illərin əvvəllərinə təsadüf edirdi. O, bölgədə “Şiə ayparası”nı yaratmağı həfələyirdi. Bura İran, İraq, Suriya, Livan, Yəmən və Körfəz ölkələrindən Bəhreyn daxil idi. Sonra İran bölgədə daha aktiv siyasət yürüdərək məhz məzhəb faktoru üzərindən oynamağa başladı və bu bir sıra ərəb ölkələrində fiaskoyla qarşılaşdı. Təəssüf ki, İran hər zaman məzhəb faktorundan istifadə edərək qonşu dövlətlərin daxili işlərinə müdaxilə etmək istəyində olub. İran hər zaman Bakını ikinci Beyrut təsəvvür edir və düşünürdü ki, Azərbaycanda şiə müsəlmanların çoxluğu onun maraqlarını aktiv şəkildə irəli sürməyə imkan yaradacaq, lakin bu belə olmadı”.
R.Hafizoğlu qeyd edib ki, İran son iki il ərzində Ermənistanı açıq şəkildə dəstəkləyib:
“İran açıq şəkildə bəyan etdi ki, Ermənistanla tarixi sərhədlərin dəyişməsinə əsla imkan verməyəcək. Biz bunu Zəngəzur dəhlizinə qarşı bir təhdid kimi qiymətləndiririk. Xəritəyə baxsaq, görərik ki, İran Fars körfəzi ilə həmsərhəddir və Qara dənizlə arasında Ermənistan və Gürcüstan var. Ermənistanla əlaqələrinin genişləndirilməsi və son illər münasibətlərdə yaxınlaşma müşahidə edildiyi Gürcüstan üzərindən Qara dənizdən Avropa sahillərinə çıxmaq üçün istifadə etmək istəyirdi. Zəngəzur dəhlizinin açılmasını İran milli maraqlarına zidd hesab etdiyi üçün ciddi-cəhdlə qarşısını almağa çalışır.
İran Azərbaycana qarşı düşmən mövqe sərgiləməyə davam etsə, İslam Əməkdaşlıq Təşkilatında onun bu kimi addımlarını gündəmə gətirmək olar ki, bu da İrana qarşı heç də xoş olmayan nəticəyə gətirib çıxara bilər”.
Əhəd Məmmədli
Politoloq Əhəd Məmmədli vurğulayıb ki, İran və Azərbaycan hökumətləri daim təmasdadırlar:
“Heç bir ölkə ilə konflikt olmasa, daha yaxşı olar. Hətta düşmən münasibətdə olduğumuz Ermənistanla hökumətimiz birbaşa olmasa da dolayısı təmasdadır. Bu dövlətlərarası münasibətlərdə təbiidir.
İran Azərbaycanda öz agentura şəbəkəsini azaltmalıdır. Azərbaycana qarşı propaqandaya qadağa qoymalıdır. İstər Zəngəzur məsələsində, istərsə digər məsələdə İran Azərbaycanı tamhüquqlu müstəqil ölkə kimi qəbul etməlidir. Mənə elə gəlir ki, bu məsələ həll olunanda münasibətlər də normallaşacaq”.
Gülnar Səlimova
Globalinfo.az